...

İran Azərbaycanın neft, qaz və neft-kimya sahələrinə investisiyalarını alqışlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2014 16:02 (UTC +04:00)
İranın İqtisadiyyat Nazirliyi Azərbaycanın ölkə iqtisadiyyatının neft, qaz və neft-kimya sahələrinə investisiyalarını alqışlayır.
İran Azərbaycanın neft, qaz və neft-kimya sahələrinə investisiyalarını alqışlayır

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbirlər Təmkin Cəfərov, Elmira Tariverdiyeva/

İranın İqtisadiyyat Nazirliyi Azərbaycanın ölkə iqtisadiyyatının neft, qaz və neft-kimya sahələrinə investisiyalarını alqışlayır. Bu barədə çərşənbə axşamı Trend-ə İranın İqtisadiyyat Nazirliyi İnvestisiyalar, İqtisadi və Texnoloji Yardım Təşkilatının iqtisadi əlaqələr üzrə baş direktoru Sadiq Əkbəri bildirib.

Onun sözlərinə görə, azərbaycanlı sərmayəçilərin İranın metallurgiya və dağ-mədən sənayesi sahələrində iştirakı üçün geniş imkanlar yaradılıb.

O qeyd edib ki, Azərbaycanın investisiyaları kənd təsərrüfatı və turizm kimi sahələrə də yatırıla bilər.

S.Əkbəri ticari-iqtisadi və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran hökumətlərarası komissiyasının 9-cu iclasında iştirak etmək üçün Bakıya gəlmiş nümayəndə heyətinin tərkibinə daxildir.

Nazirlik nümayəndəsinin sözlərinə görə, Bakıda keçirilən görüşlər zamanı investisiyalar, sənaye və ticarət sahələrində əməkdaşlıq haqqında da razılıq əldə olunub.

O əlavə edib ki, İranın və Azərbaycanın nümayəndələri investisiyalar sahəsində məlumat mübadiləsinin təşkili və iki ölkənin sərmayəçilərinin əməkdaşlığı üçün müvafiq şəraitin yaradılmasının mümkünlüyünü müzakirə ediblər.

Bundan başqa, Əkbərinin sözlərinə görə, tərəflər investisiya konfranslarının və yarmarkaların keçirilməsi barədə razılığa gəliblər.

Nazirliyin nümayəndəsi qeyd edib ki, habelə Azərbaycan və İran bu yaxınlarda imzalanacaq investisiya əməkdaşlığı sahəsində qarşılıqlı anlaşma memorandumu üzərində işləri başa çatdırıblar.

Azərbaycanın iranlı investorlara təklif edə biləcəyi imkanlar barədə danışarkən Əkbəri ölkənin tikinti və kənd təsərrüfatı sahələrində əhəmiyyətli investisiya potensialının mövcudluğunu qeyd edib.

Onun sözlərinə görə, tərəflər Azərbaycan və İran iqtisadiyyatlarının özəl sektorunu təmsil edən sərmayəçilər üçün zəruri şəraiti təmin etməlidirlər.

İki ölkənin qarşılıqlı sərmayələrin həcmini razılaşdırmaları barədə suala cavab verən Əkbəri bildirib ki, hökumətlərarası iclas çərçivəsində belə həcmlər ətraflı müzakirə olunmur, lakin tərəflər investisiyalar sahəsində ikitərəfli əməkdaşlığın bütün potensialından istifadə etmək barədə razılığa gəliblər.

Bundan başqa, onun sözlərinə görə, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli viza rejiminin olması mühüm aspektdir.

Nazirliyin nümayəndəsi qeyd edib ki, əgər Azərbaycan iranlı treyderlər və iş adamalrı üçün viza rejimini ləğv edərsə, onda bu Azərbaycan iqtisadiyyatının istehsal sahələrinə İranın sərmayələrinin həcminə təsir edəcək.

O, həmçinin İran və Azərbaycanın rəsmi şəxsləri arasında danışıqları çox konstruktiv və müsbət adlandırıb: "İki qonşu ölkənin əməkdaşlığı üçün bütün maneələr ləğv olunmalıdır".

Onun sözlərinə görə, bununla əlaqədar bütün lazımsız əngəllər aradan qaldırılmalıdır.

S.Əkbəri qeyd edib ki, İran Azərbaycan ilə ticarət əlaqələrinin genişləndirilməsi prosesini məhdudlaşdırmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti