...

Nəqliyyat Nazirliyindən avtobus sürücülərinə xəbərdarlıq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2014 15:01 (UTC +04:00)
Nəqliyyat Nazirliyi Bakıda marşrut avtobuslarının işi üzərində nəzarəti daha da sərtləşdirmək niyyətindədir.
Nəqliyyat Nazirliyindən avtobus sürücülərinə xəbərdarlıq

Azərbaycan, Bakı, 15 avqust/Trend, müxbir Emil İsmayılov/

Nəqliyyat Nazirliyi Bakıda marşrut avtobuslarının işi üzərində nəzarəti daha da sərtləşdirmək niyyətindədir. Bunu cümə günü Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov insanların ölməsi və yaralanması ilə nəticələnən 148 saylı sərnişin avtobusunun iştirakı ilə baş vermiş yol qəzasını şərh edərkən deyib.

Onun sözlərinə görə, insanların ölməsi və yaralanması ilə nəticələnən yol qəzasına səbəb məhz sürət həddinin aşılması olub: "Avtobus sürücüsünün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi var, lakin sürət həddinin aşılması ölümlə nəticələnən qəzaya səbəb olub".

N.Həsənov qeyd edib ki, bu gün nəqliyyat naziri Ziya Məmmədovun tapşırığı ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti müşavirə keçirib: "Müşavirədə avtobus sahiblərinə sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi üçün nəzarətin gücləndirilməsi barədə göstərişlər verilib. Həmçinin sərnişin daşınmasında qanun pozuntusu halları aşkar edilərkən onlara qarşı marşrutda işdən çıxarılmayədək sərt tədbirlərin görüləcəyi barədə xəbərdarlıq ediləcək".

Qeyd edək ki, dünən Bakıda 148 saylı sərnişin avtobusu idarəetməni itirərək aşıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri 2 nəfər zərərçəkənə yardım göstəriblər, 1 nəfər kişinin hadisə yerində öldüyü müəyyən edilib. Zərərçəkənlər 3 saylı Bakı şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Qəza zamanı xəsarət alan sərnişinlərdən 8 nəfəri həmin xəstəxanaya çatdırılıb, lakin onlardan biri yolda dünyasını dəyişib. Beləliklə, qəza nəticəsində 2 nəfər dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti