...

Yardımlıda "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2014 14:51
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti regionlarda istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.
Yardımlıda "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda konfrans keçirilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 avqust /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti regionlarda istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, avqustun 15-də Dövlət Xidmətinin təşkilatçılığı ilə Yardımlıda "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti konfrans keçirilmişdir.

Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 200-ə yaxın istehlakçı iştirak etmişdir.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, əhalinin sosial rifahının daha da yaxşılaşdığını vurğulamışdır. Bütün bunlar isə əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaradır, eyni zamanda istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin daha da artırılmasını zəruri edir. İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verən Araz Əliyev 2014-cü ilin yanvar-iyul ayları ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 25,2 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyini bildirmişdir.

Xidmətin rəis müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, 2014-cü ilin yanvar-iyul ayları ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 45 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanmışdır. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq davam etdirilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilmişdir.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti