BMT: Azərbaycanın innovasiyaların gömrük sistemində tətbiqi üzrə təcrübəsi nümunə ola bilər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2014 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycanın innovasiyaların gömrük sistemində tətbiqi üzrə təcrübəsi digər ölkələr tərəfindən mənimsənilə bilər. Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Hədəf" Mərkəzinin açılışında və Azərbaycanın gömrük ərazisi üzrə tranzit yüklərin daşınması və idarə edilməsinin avtomatlaşdırılmış nəzarət sisteminin təqdimatında deyib. Hər iki layihə Dövlət Gömrük Komitəsi və BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlıq çərçivəsində yaradılıb.

A.Broek Gömrük Komitəsi ilə reallaşdırılan layihələrin əhəmiyyətini qeyd edərək, bu layihələrin hava nəqliyyatı təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini vurğulayıb: "Bu layihələrin reallaşdırılması Azərbaycanın təhlükəsizliyin təkmilləşdirilməsi və idxal-ixrac əməliyyatlarının sürətləndirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirməsinin təsdiqidir. Bu layihələrin Avropa Oyunları ərəfəsində tətbiq edilməsi çox diqqətəlayiq haldır. Yeni texnologiyaların tətbiqi Azərbaycanı daha qabaqcıl mövqelərə çıxartmaqla onu bu baxımdan olduqca təcrübəli ölkəyə çevirir, həmçinin Azərbaycanın təcrübəsinin öyrənilməsi üçün digər ölkələrə yaxşı imkan yaradır".

Rezident əlaqələndirici bildirib ki, bu, belə layihələrin BMT tərəfindən dəstəklənməsi üçün yaxşı əsas yaradır: "Əminəm ki, gələcəkdə BMT və Azərbaycan arasında əməkdaşlıq davam edəcək".

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev A.Broekə təmsil etdiyi strukturun bu layihələrə dəstək verməsinə görə təşəkkür edib: "Biz çox şadıq ki, İnkişaf Proqramı bu layihələri qiymətləndirir və Gömrük Komitəsini etibarlı tərəfdaş kimi görür".

Qeyd edək ki, "Hədəf"in məqsədi qaçaqmalçılıqla mübarizəni gücləndirmək üçün müasir texnologiyalar tətbiq etməklə hava nəqliyyatında gömrük xidmətinin qurulmasıdır. Bu mərkəz Azərbaycanın beynəlxalq aeroportlarında gömrük xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə videomüşahidə sisteminin quraşdırılmasını nəzərdə tutur.

Azərbaycanın gömrük ərazisi üzrə tranzit yüklərin daşınması və idarə edilməsinin avtomatlaşdırılmış nəzarət sistemi isə sərhəd-gömrük buraxılış məntəqələri vasitəsilə idxal və ya tranzit rejimində Azərbaycana gələn yük avtomobillərinə nəzarəti həyata keçirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti