Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
"TuranBank" və Almaniyanın maliyyə institutu "IIV Mikrofinanzfonds" (Frankfurt Maliyyə və Menecment Məktəbinin törəmə qurumu olan Frankfurt Maliyyə Xidmətləri Məktəbi tərəfindən tövsiyə olunub) arasında bankın mikromaliyyə portfelini genişləndimək məqsədilə 4 il müddətinə 5 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanıb.
Bankdan Trend-ə verilən məlumata görə, Almaniyada yerləşən qurum ixtisaslaşmış mikromaliyyə investisiya fondu olaraq Almaniya qanunvericiliyinə əsasən təsis edilib və fəaliyyət göstərir. Vəsaitin verilməsi "Bank im Bistum Essen" tərəfindən həyata keçiriləcək.
Mikromaliyyələşmə IIV Mikrofinanzfonds-un əsas fəaliyyət sahəsidir. Fond müxtəlif inkişaf etməkdə olan bazarlarda mikromaliyyələşmə sahəsində aktiv olan kiçik və orta miqyaslı mikromaliyyə institutlarına, kommersiya banklarına investisiya qoyuluşları həyata keçirir. Bu investisiyalar vasitəsilə Fond Afrika, Asiya və Latın Amerikası ölkələrində fəaliyyətdə olan mikro-biznes sahiblərinin müxtəlif biznes ideyalarını dəstəkləyir. "IIV Mikrofinanzfonds" Almaniyada səhmləri açıq satış üçün qeydiyyatdan keçmiş ilk birgə mikromaliyyə fondudur.
"TuranBank"ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.