Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Azad Həsənli/
Bu ilin yanvar-avqust aylarında sığorta növləri arasında ən ciddi artım həyatın ölüm halından sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə yığımlar 3,3 dəfə artaraq 11 milyon manatı keçib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, artımın dinamikasına görə 2-ci yeri sağalmaz xəstəliklərdən sığorta tutub: "Bu sığorta növü üzrə toplanan sığorta haqqı 2,43 dəfə artaraq 279 min manata çatıb".
Həyatın yaşam sığortası üzrə yığımlar 74,7% artaraq 36,1 milyon manat, tibbi sığorta üzrə yığımlar 5,6% artaraq 49,9 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 9,3% artaraq 22,4 milyon manat, daşınmaz əmlakın icbari sığortası 35,1% artaraq 11,7 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 10,6% artaraq 275 min manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 5,2% artaraq 45,2 milyon manat, sərnişinlərin icbari fərdi qəza sığortası isə 26% artaraq 85,4 min manat təşkil edib.
Yanvar-avqust aylarında sığorta növləri arasında ən ciddi azalma isə pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada qeydə alınıb. Bu növ sığorta üzrə yığım 100% azalıb. Azalmanın dinamikasına görə 2-ci yeri peşə məsuliyyətinin sığortası tutub. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 3,87 dəfə azalaraq 135,6 min manat təşkil edib.
Əmlakın yanğından və digər risklərdən sığortası 14,2% azalaraq 20,7 milyon manat, KASKO sığorta isə 35,4% azalaraq 20,4 milyon manat təşkil edib.
Sığorta ödənişlərinə gəlincə isə ən çox artım su nəqliyyat vasitələrinin sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödənişlər 180 dəfədən çox artaraq 94 min manata çatıb. Ödənişin dinamikasında 2-ci yeri həyatın yaşam sığortası tutub. Bu sığorta növü üzrə ödənişlər 9,55 dəfə artaraq 17,9 milyon manat olub.
Həyatın ölüm halından sığorta üzrə ödənişlər 4 dəfə artaraq 658 min manat, tibbi sığorta üzrə ödənişlər 9% artaraq 31,3 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortası 2,7 dəfə artaraq 6 milyon manat, KASKO sığorta 4,5% artaraq 18 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 2,6 dəfə artaraq 1,9 milyon manat, daşınmaz əmlakın icbari sığortası 34,9% artaraq 1,4 milyon manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası isə 15,4% artaraq 19 milyon manat təşkil edib.
Sığorta ödənişləri üzrə ən çox azalma isə işçilərin dələduzluğu sığortasında qeydə alınıb. Bu sığorta növü üzrə ödənişlər 33,8 dəfə azalıb və 65,6 min manat təşkil edib. Azalmanın dinamikasına görə 2-ci yeri kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası tutub. Bu sığorta növü üzrə ödənişlər 17,4 dəfə azalaraq 22,7 min manata düşüb.