...

IFC Azərbaycan şirkətlərinə fəaliyyətlərini daha da təkmilləşdirmək üçün kömək edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2014 19:55 (UTC +04:00)
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən keçirilən Forum şirkətlərin öz fəaliyyətlərini daha da təkmilləşdirməsi üçün Korporativ İdarəetmə təcrübələrinin tətbiqinə səslədi
IFC Azərbaycan şirkətlərinə fəaliyyətlərini daha da təkmilləşdirmək üçün kömək edir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən keçirilən Forum şirkətlərin öz fəaliyyətlərini daha da təkmilləşdirməsi üçün Korporativ İdarəetmə təcrübələrinin tətbiqinə səslədi

Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən birgə təşkil edilən bugünkü forumda Azərbaycan şirkətlərinin fəaliyyətlərinin gücləndirilməsi və investisiya axınının daha da artırılmasında düzgün korporativ idarəetmə təcrübələrinin rolundan bəhs olunub.

Korporasiyanın Bakı ofisindən Trend-ə verilən məlumata görə, İsveçrə Dövlət İqtisadi İşlər Katibliyinin (SECO) maliyyə dəstəyi ilə IFC-nin Avropa və Mərkəzi Asiyada Korporativ İdarəetmə Proqramı tərəfindən Bakıda təşkil edilən Korporativ İdarəetmə Forumunda Azərbaycan şirkətlərindən sahibkarlar və dövlət nümayəndələri bir yerə toplanaraq güclü korporativ idarəetmə təcrübələrinin tətbiqi ilə bağlı çətinliklər və bu təcrübənin faydalarını müzakirə ediblər. Güclü korporativ idarəetmə şirkətin fəaliyyət nəticələrini yüksəldə, rəqabət qabiliyyəti və mənfəətliliyini artıra, şirkətlərin kapital, investisiya və yeni tərəfdaşlar cəlb etməklə mühüm dərəcədə genişlənməsinə yardım edə bilər.

Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Orucov qeyd edib ki, korporativ idarəetmə təcrübələrinin geniş tətbiqi şirkətlərin maliyyə vəsaitinə çıxışını asanlaşdırır və ümumilikdə ölkənin iqtisadi inkişafına dəstək verir.

Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bildirib ki, güclü korporativ idarəetmə təcrübələri Azərbaycan şirkətlərinə və maliyyə təşkilatlarına real faydalar verə bilər, belə ki, bu təcrübələr şirkətlərin irəliləməsi, inkişaf etməsi və uzunmüddətli məqsədlərinə nail olması üçün güclü bir alətdir.

IFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova isə bildirib: "Bugünkü forum korporativ idarəetmənin dünya miqyasında təşviqi üzrə tanınmış lider olan IFC üçün daha bir imkan oldu ki, mövcud uğurları ilə paylaşaraq bu standartların özəl sektor üçün faydalarını real nümunələrdə bizə nümayiş etdirsin. Biz ümid edirik ki, Azərbaycan şirkətləri təqdim edilən tövsiyələrə riayət edəcək və bundan çox gözəl nəticələr əldə edəcəklər".

Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. O vaxtdan bu günə qədər IFC ölkəyə 414 milyon ABŞ dollarından çox məbləğdə investisiya yatırıb, digər kreditorlardan 73 milyon ABŞ dolları cəlb edə bilib və özəl sektorun inkişafına yönəlmiş bir neçə məsləhət layihələri həyata keçirib.

IFC və korporativ idarəetmə ilə bağlı daha ətraflı məlumat üçün: www.ifc.org/corporategovernance

Məqalədə:
Xəbər lenti

Xəbər lenti