...

"Azərsu" ölkə üzrə sayğaclaşma səviyyəsini 57 faizə yüksəldib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2015 19:24 (UTC +04:00)
2015-ci ildə Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun, Su sayğaclarının təmiri və sınağı laboratoriyasının, Təlim-Tədris Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır.
"Azərsu" ölkə üzrə sayğaclaşma səviyyəsini 57 faizə yüksəldib (FOTO)

Azərbaycan, Bakı, 5 fevral /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyətində içməli su təchizatı və kanalizasiya sektorunda 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət yeni-yeni töhfələr verib. Qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edib, yeni infrastruktur layihələri həyata keçirilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Dövlət başçısının diqqət və qayğısı nəticəsində infrastruktur sahələrində, o cümlədən su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilib: "Əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını möhtərəm Prezident İlham Əliyev prioritet vəzifə kimi müəyyənləşdirib. Bu vəzifələrdən irəli gələrək Cəmiyyətimiz tərəfindən 2014-cü ildə geniş tikinti-quraşdırma işləri həyata keçirilib. Saatlı və Sabirabad şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmış Kür Sutəmizləyici Qurğuları-Saatlı-Sabirabad magistral su xəttinin tikintisi başa çatdırılıb. Həmçinin yeni mənbələrdən Gəncə və Beyləqan şəhərlərinə içməli suyun verilməsi təmin edilib. Hesabat dövründə beynəlxalq maliyyə qurumları ilə birgə layihələrin icrası sürətləndirilib. Göyçay və Ağdaş şəhərlərində su və kanalizasiya şəbəkələri yaradılıb, Gədəbəy və Astara şəhərlərində yeni layihənin icrasına başlanılıb".

"Azərsu" ASC-nin sədri bildirib ki, il ərzində istehlakçılara 285 milyon kubmetr içməli su verilib, 184 milyon kubmetr tullantı sularının axıdılması xidmətləri göstərilib.

İl ərzində ölkə üzrə 1185 km içməli su, 325 km kanalizasiya xətləri çəkilib, 39 ədəd su anbarı tikilib, 10 ədəd artezian və subartezian quyuları qazılıb, 146 minə qədər sayğac quraşdırılıb. Bununla da ölkə üzrə sayğaclaşma səviyyəsi 57 faizə yüksəlib.

Görülmüş tədbirlər nəticəsində 357 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb. Belə ki, 259 min nəfər fasiləsiz içməli su ilə təmin olunub, 156 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su alıb. İl ərzində abunəçilərin sayı 113 min artaraq 1 milyon 322 minə çatıb.

Hesabat dövründə ümumi tutumu 753 min kubmetr olan 44 mərkəzi və 338 məhəllədaxili su anbarı, 551 km uzunluğunda kanalizasiya kollektoru və xətləri yuyularaq təmizlənib.

Qeyd olunub ki, kadr hazırlığı və təlimlərin keçirilməsi Səhmdar Cəmiyyətin prioritet vəzifələri olaraq qalır. 2014-cü ildə regionlarda 7 təlim keçirilib və Cəmiyyətin müxtəlif sahələrini təmsil edən 1250 əməkdaşı təlimlərə cəlb olunub. Ümumilikdə 2014-cü ildə 3800 işçiyə təlim verilib.

Sonra "Azərsu" ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov, İşlər idarəsinin rəisi Möhsün Quliyev, "Sumqayıt Sukanal" İdarəsinin rəisi Ədalət Bağırov, "Mingəçevir Sukanal" İdarəsinin rəisi Mustafa Kərimov və Səbail rayon Sukanal idarəsinin rəisi Rauf Osmanov hesabat məruzəsi ilə çıxış edərək, müvafiq sahələr üzrə 2014-cü ildə görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.

"Azərsu" ASC-nin sədri Q.Hüseynov iclasa yekun vuraraq 2015-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını verib. 2015-ci ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən Səhmdar Cəmiyyətin sədri cari ildə beynəlxalq layihələr çərçivəsində bir sıra rayonlarda işlərə başlanılacağını diqqətə çatdırıb.

2015-ci ildə Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun, Su sayğaclarının təmiri və sınağı laboratoriyasının, Təlim-Tədris Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır.

"Azərsu" ASC-nin sədri su itkilərinin azaldılması məqsədilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması, istismar, yığım səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin davam etdirilməsi barədə ciddi tapşırıqlar verib. Qeyd olunub ki, Müştəri informasiya sistemlərinin yaradılması istiqamətində işlər müsbət nəticələr verir və bu sistemin tətbiqi digər rayonlarda da həyata keçiriləcək.

2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar xidmət təşkilatı kimi "Azərsu" ASC-nin də üzərinə mühüm vəzifələr düşür. "Azərsu" ASC-nin sədri bildirib ki, ölkəmizə xaricdən xeyli sayda idmançı və turistin gələcəyi nəzərə alınaraq idman yarışlarının keçiriləcəyi yerlərdə, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunması diqqətdə saxlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti