...

Kapital Bank Balakən filialı ilə bağlı məsələyə aydınlıq gətirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2015 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart /Trend/

Kapital Bank Balakən filialının müştərisi olmuş Ziyavəddin Mehdiyevin dünən bəzi kütləvi informasiya vasitələrində yayılan tənqidi fikirlərinə aydınlıq gətirib.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Z.Mehdiyev 17 oktyabr 2014-cü il tarixində bankın korporativ saytına şikayət göndərib. Şikayətin araşdırılması məqsədilə 22 oktyabr 2014-cü il tarixində o, bankın Baş ofisinə dəvət edilib və səlahiyyətli şəxslər onunla görüş keçiriblər. Görüşdə Z.Mehdiyev Balakən filialına əmanət yerləşdirdiyini, daha sonra həmin vəsaiti hesabından çıxararaq şəxsi münasibətlər zəminində bankın Balakən filialının müdiri Ruqiyyə Məmmədova və Şəhmir Qurbanova müəyyən müddətə verdiyini bildirib. Daha sonra şikayətçi həmin vəsaiti geri ala bilmədiyini və bununla əlaqədar bankın adıçəkilən əməkdaşlarını məhkəməyə verəcəyini qeyd edib.

Bankın Komplayens Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Z.Mehdiyev öz əmanət hesabından vəsaitlərini tamamilə qanuni əsasda, müddətdən əvvəl çıxarıb və müştəri bankla olan müqaviləyə xitam verdiyi üçün onunla Kapital Bank arasında hər hansı hüquqi öhdəlik qalmayıb.

Z.Mehdiyevin öz vəsaitini sonradan şəxsi münasibətlər zəminində istənilən şəxsə, o cümlədən bankın əməkdaşlarına verməsinə görə isə Kapital Bank heç bir məsuliyyət daşımır.

Mətbuat xidmətinin açıqlamasında o da göstərilir ki, 2014-cü ilin sentyabr-oktyabr aylarında bankın Balakən rayon filialında aparılmış daxil audit nəticəsində aşkar olunan nöqsan və çatışmazlıqlara görə filialın bir sıra əməkdaşları ilə yanaşı, filial müdiri R.Məmmədova və baş kassir Ş.Qurbanov Əmək Məcəlləsinin 70-ci maddəsi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) tutduqları vəzifədən azad ediliblər. Bankın Baş ofisində qəbul edilərkən, özünün də söylədiyi kimi, Z.Mehdiyevə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunub. Kapital Bank da hüquq-mühafizə orqanlarının bu məsələyə dair araşdırmalarına kömək üçün lazımi rəsmi sənədləri təqdim edə bilər.

Bankın açıqlamasında deyilir: "Kapital Bankın istənilən müştərisi bu və ya digər şikayətlə əlaqədar daxili araşdırmanın nəticələrindən razı qalmadıqda hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir. Biz bankın bütün müştərilərinin maraqlarının qorunmasını, xidmət səviyyəsinin davamlı yüksəldilməsini əsas vəzifəmiz sayırıq. Bankın fəaliyyəti ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalarda ədaləti bərqərar etmək üçün hər zaman yaxından iştirak etməyə hazırıq. Kapital Bankın fəaliyyəti ilə əlaqədar müştəri şikayətlərinin bankın imicinə xələl gətirəcəyini düşünmürük. Əksinə, müştərilərlə sıx təmas fəaliyyətimizdəki çatışmazlıqları aradan qaldırmaqda və işimizin keyfiyyətini davamlı artırmaqda bizə kömək göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti