...

Sinqapur iş adamlarının Azərbaycan iqtisadiyyatına marağı böyükdür (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2015 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Sinqapur biznes-forumu keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə hər iki tərəfdən İKT, logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, generator, metallurgiya, elektroenergetika, beton hazırlama avadanlıqlarının istehsalı, dənizdə tikinti işlərinin aparılması və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.

Biznes-forumda AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb. R.Məmmədov sinqapurlu iş adamlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Sinqapur nümayəndə heyətinin rəhbəri, "Kenetics Innovations" şirkətinin icraçı direktoru Ken Vong ölkəsinin iş adamları arasında sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına marağının böyük olduğunu bildirib, iki ölkə sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni əlaqələrin qurulması baxımından iki tərəfli görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırıb.

AZPROMO-nun nümayəndəsi Natiq Mədətovun Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair, Sinqapur Ticarət və Sənaye Nazirliyinin nümayəndəsi Aries Teonun Sinqapurun iqtisadiyyatı və biznes mühitinə dair təqdimatları maraqla qarşılanıb.

Sonra "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası baş direktorunun müavini Samir Qasımov şirkətin fəaliyyəti haqqında təqdimatla çıxış edib.

Biznes-forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti