...

Gilan əyaləti Azərbaycanla vahid ticarət pəncərəsi yaratmağa çalışır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2015 19:25 (UTC +04:00)
Xəzəryanı ölkələrin ticarət palatalarının iclasının Ənzəli Azad Zonasında keçirilməsi bölgədə ticarətin və ölkələr arasında iqtisadi əlaqələrin inkişafı üçün şərait yaradacaq.
Gilan əyaləti Azərbaycanla vahid ticarət pəncərəsi yaratmağa çalışır

İran, Tehran, 29 aprel /Trend, müxbir Təmkin Cəfərov/

Xəzəryanı ölkələrin ticarət palatalarının iclasının Ənzəli Azad Zonasında keçirilməsi bölgədə ticarətin və ölkələr arasında iqtisadi əlaqələrin inkişafı üçün şərait yaradacaq. Ənzəli Azad İqtisadi Zonasının mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, bunu İran Gömrüyünün Gilan əyaləti üzrə nəzarətçisi Məhəmməd Şahbazi deyib.

M.Şahbazi bildirib ki, Xəzəryanı ölkələrin ticarət palatalarının iclasının keçirilməsi beş Xəzəryanı ölkənin iş adamlarının bir-biri ilə daha yaxından tanış olması, ticarət fəaliyyətlərinin əlaqələndirilməsi və problemlərin həllinə zəmin yaradacaq: "Həmçinin beş Xəzəryanı ölkənin özəl sektorunda çalışan iş adamlarının müştərək sərmayə qoymasına imkan verəcək".

O deyib ki, Gilan Gömrük idarəsi Astara sərhəd keçid məntəqəsində Azərbaycanla vahid ticarət pəncərəsi yaratmağa çalışır və Xəzəryanı ölkələrlə digər sahələrdə, o cümlədən qaçaqmalçılıqla mübarizədə əməkdaşlıq etməyə hazırdır.

Qeyd edək ki, Xəzəryanı ölkələrin ticarət palataları rəislərinin 15-ci iclası bu gün və sabah Ənzəli Azad İqtisadi zonasında keçirilir. İclasda beş ölkədən 100-ə yaxın ticarət palatası nümayəndəsi və İrandan 400-dən çox iş adamı iştirak edir.

Ənzəli Azad İqtisadi zonası Xəzər dənizi sahilində İranın yeganə azad zonasıdır. Xəzəryanı ölkələr, Türkiyə, Fars Körfəzi ölkələri və başqa ölkələrdən bu iqitsadi zona vasitəsilə məhsullar ixrac və idxal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti