Azərbaycan, Bakı, 8 iyun /Trend/
Onlayn treydinq və investisiya üzrə ekspert sayılan "Saxo Bank"ın bu ayın əvvəllərində fransız müştərilər üçün uğurla keçirilmiş multi-aktivlərin ticarəti üzrə yeni intuitiv "SaxoTraderGO" platformasının təqdimatından sonra platformanın qlobal miqyasda müştərilərə təklif olunmasına başlanılır. Hazırda "SaxoTraderGO" platforması Avropada yaşayan müştərilərin istifadəsinə verilib. Yaxın Şərq və Şimali Afrika, Asiya və Sakit okean regionu və Latın Amerikası ölkələrinin sakinləri isə iyun ayının ilk həftələrindən etibarən yeni platformadan yararlana biləcək. "Saxo Bank"ın Platformalar bölməsinin rəhbəri Kristian Hammerin yeni təqdim olunmuş "SaxoTraderGO" platforması ilə bağlı müsahibəsini diqqətinizə çatdırırıq.
- "SaxoTraderGO" platformasının hansı üstünlükləri var? Platforma müştərilərə nə təklif edir?
- "SaxoTraderGO" rahat və praktiki istifadə, o cümlədən fərdi kompüter və mobil cihazlar arasında maneəsiz inteqrasiyanın təmin olunmasına əsaslanaraq tamamilə "sıfırdan" hazırlanıb. Saxo Bank cihazlar arasında rahat keçid, istifadəni asanlaşdıran naviqasiya sistemi, ayrılıqda təqdim olunan ticarət öncəsi, ticarət və ticarət sonrası xidmətləri ilk olaraq təklif edənlərdəndir. Bizim məqsədimiz dünyada ən intuitiv platforma yaratmaq idi və inanırıq ki, məqsədimizə çatdıq. Məsələn, siz bir cihazda analitik diaqramlarda və ya izləmə siyahısında dəyişiklik etdiyiniz halda bu dəyişiklik bütün digər qeydiyyatda olduğunuz cihazlarda da öz əksini tapacaq. Platformanın funksionallığı və təqdim etdiyi imkanlar bütün cihazlar üçün eynidir. "SaxoTraderGO" həm sensorlu mobil cihazlar, həm də klaviaturalı kompüterlər üçün tam optimallaşdırılıb və bütün platformalarda eyni kod sistemindən istifadə olunur. Bu, istifadəçilərin hər dəfə müxtəlif platformalı cihazlardan istifadə etməsi zamanı yaranacaq qarışıqlığı aradan qaldırır. Bundan əlavə, yeni platformada treyderlər birbaşa izləmə siyahısı və ya diaqramlardan sövdələşmələrdə iştirak edə və təsdiq haqda məlumatı ani bildirişlər şəklində ala biləcəklər.
- "Saxo Bank"ın ticarət üçün tamamilə yeni patforma işləyib hazırlamasına nə səbəb oldu?
- "SaxoTraderGO"nun işlənib hazırlanmasında başlıca hədəfimiz treyderlərə multi-aktivlərin ticarəti üzrə dünyanın ən intuitiv platformasını təqdim etmək idi. Texniki baxımdan "SaxoTraderGO" bütünlüklə HTML5 dilində yazılıb ki, bu da treydinq sənayesinin fərdi patentli sistemlər mirasının artıq keçmişdə qalmasından xəbər verir. Ən əsas məqamlardan biri də platformanın Open API interfeysi üzərində qurulmasıdır. Mühüm məqamlardan biri də odur ki, platforma hazırlanarkən sənayenin bütün başlıca tendensiyaları nəzərə alınıb. "SaxoTraderGo"nun treydinq iştirakçılarının bütün ehtiyaclarını qarşılamasını təmin etmək üçün "Saxo Bank" hazırlıq mərhələsində 3 minə yaxın treyderin iştirakı ilə sorğu keçirib. Nəticələrə əsasən pərakəndə müştərilərimizdən olan gəlirimizin 20%-i mobil cihaz və planşetlər vasitəsilə həyata keçirilən əməliyyatların, həmçinin bütün sövdələşmə və əmrlərin 75%-i ticarət üçün bir neçə cihazdan istifadə edən müştərilərin payına düşür. "SaxoTraderGO"nun fərdi kompüter və mobil cihazlar arasında rahat keçid funksiyası treyderlər üçün böyük əhəmiyyət kəsb edən unikal bir imkandır.
- "Saxo Bank"ın təklif etdiyi bu yeniliyin daha çox ənənəvi treydinqə üstünlük verən insanlar tərəfindən necə qəbul ediləcəyi barədə fikriniz nədir?
- Biz inanırıq ki, "SaxoTraderGO" yenilikdən daha üstündür və maliyyə sənayesi üçün yeni standartlar müəyyən edəcək. "Saxo" müxtəlif cihazlarda eyni funksionallığa malik, müştərilərin tələblərini tam qarşılayan yeni platforma təqdim etməklə ilkə imza atıb. "Saxo Bank" hər zaman investorları peşəkarlara layiq platforma ilə təchiz etməyə çalışıb və "SaxoTraderGO" bu keyfiyyəti özündə təcəssüm etdirir. Qeyri-şəffaf, istifadəsi çətin olan məhsullar artıq keçmişdə qalıb. İnvestorlar məhsulları, qiymətləndirməni, riskləri anlamaq, imkanlarını dəyərləndirmək istəyir ki, bütün bunlar yeni platformada təqdim olunur.
"Saxo Bank" ən təcrübəli və populyar onlayn ticarət şirkətlərindən biridir. Fəaliyyətdə olduğumuz dövr ərzində "Saxo Bank" müştərilərin etimadını qazanmış şirkət olmaqdan əlavə innovativ yeniliklər baxımından sənayenin aparıcı iştirakçısına çevrildiyini sübut edib. "SaxoTraderGO" platformasının təqdim olunması bunun daha bir əyani sübutudur.
- Müasir investoru və ya treyderi xarakterizə edən cəhətlər hansılardır? "Saxo Bank"ın təqdim etdiyi yenilik onların gözləntilərinə nə dərəcədə cavab verir?
- Müasir treyderlər ilkin olaraq fəaliyyətin məhsuldarlığını təmin etməyə, həmçinin mümkün qədər çox aktiv növlərindən və alətlərdən faydalanmağa çalışırlar. Onlar öz portfellərini bütövlükdə nəzərdən keçirərək ticarət üçün bazarları və aktiv növlərini dəyərləndirirlər. Eyni zamanda treyderlərin ticarət platformasına olan tələbləri də artır. Hal-hazırda treyderlər daha mobildirlər və müxtəlif platformalı cihazlar arasında keçid edərkən sürət, səmərəlilik və funksionallığı güzəştə getmək istəmirlər.
"SaxoTraderGO" treydinq sahəsinin ən son tendensiyalarına uyğun şəkildə müasir treyderlərin artmaqda olan tələblərini qarşılamaqla sənayenin ən intuitiv və güclü istifadəçi interfeysinə malik platformalarından biridir.
- API interfeysindən istifadənin hansı üstünlükləri var?
- "SaxoTraderGO" Open API texnologiyası əsasında qurulub ki, bu da bir sıra istifadə imkanları yaradır: üçüncü tərəf qismində çıxış edən və yeni, innovativ məzmunlu maliyyə institutlarının platformanı öz saytlarına və bank tətbiqlərinə inteqrasiya etməsinin mümkünlüyü. Başqa sözlə desək, platformanın infrastrukturunun ayrı-ayrı hissələri institusional müştərilərimiz və ya kənar proqramçılar üçün açıq olur. Bu da "SaxoTraderGo"nun inkişafı, digər rəqəmsal ekosistemlərə inteqrasiyası üçün şərait yaradır.
Əvvəllər hər hansı dəyişikliyə ehtiyac olduqda bunu ayrılıqda hər bir platformada, serverdə və tətbiqdə etməli olurduq. İndi isə HTML5 və vahid açıq API interfeysindən istifadə etdiyimizdən dəyişikliyi sadəcə tətbiqdə etmək kifayət edir ki, həmin dəyişiklik bütün cihazlarda əks olunsun. Bu yenilik daha sürətli və daha effektiv fəaliyyəti təmin edir.
- Planşet və mobil platformalar üçün "Saxo Bank" hər hansı təhlükəsizlik tədbirləri həyata keçirirmi?
- Təhlükəsizliyin təmin edilməsi üçün sizə hesabınızla eyni zamanda yalnız bir "Saxo" platformasına giriş imkanı verilir. Eyni hesab nömrəsi ilə digər "Saxo" platformasına daxil olduğunuz anda sistem sizə bildiriş göndərəcək və platformaların birini tərk etməyə vadar edəcək. Bundan əlavə 128 SSL standartından, mürəkkəb giriş şifrəsi, iki səviyyəli eyniləşdirmədən də istifadə olunur.
- Azərbaycanda treydinq perspektivləri barədə fikirləriniz nədir? Yeni platformanın Azərbaycanın treydinq bazarına necə təsir göstərəcək?
- Azərbaycan bazarı geniş potensiala malikdir və biz yerli investorlar tərəfindən artan marağı müşahidə edirik. Gələcək üçün burada fərdi investorların sayını artırmağı planlaşdırırıq və inanırıq ki, "SaxoTraderGO" platformasının fəaliyyətə başlaması bu işdə bizə yardımçı olacaq.
- "Saxo Bank" yeni texnologiyaların treydinqə tətbiqini davam etdirməyi planlaşdırırmı?
- Biz inanırıq ki, "SaxoTraderGO" gələcəyin ticarət platformasıdır və bu yenilik "Saxo Bank"ın maliyyə sənayesindəki aparıcı mövqeyini daha da möhkəmlədəcək. "Saxo Bank"ın bütün internet platformalarını birləşdirəcək innovasiyalarla bağlı geniş tədbirlər planı var və "SaxoTraderGO" platformasının təqdim olunması bu strategiyanın ilkin mərhələsidir. Əgər biz inkişafda olmasaq və yeniliklər təqdim etməsək başqaları bunu edəcək. Xərclərin artdığı bir vaxtda texnologiyalar rəqabətqabiliyyətliliyi təmin edəcək yeganə vasitədir. Biz HTML5 texnologiyasından tamlıqla faydalanan ilk maliyyə qurumlarından biriyik və hər zaman texnoloji inkişaf baxımından ön sıralarda olmağa çalışırıq.