...

Gədəbəyin içməli su və kanalizasiya sistemləri yenidən qurulur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2015 15:56 (UTC +04:00)
Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
Gədəbəyin içməli su və kanalizasiya sistemləri yenidən qurulur (FOTO)

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qurum tərəfindən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası intensiv qaydada davam etdirilir.

Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi" çərçivəsində Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işləri sürətləndirilib.

"Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 11,5 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Gələcəkdə rayonun 5 kəndinin (Yenikənd, Düzyurd, Arıqdam, Söyüdlü, Qaradağ) 12 min sakini də bu layihə çərçivəsində içməli su ilə təmin olunacaqdır. Ümumilikdə layihədən 23 mindən artıq insan faydalanacaq.

İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Südlübulaq seçilib. Hazırda su mənbəyində suötürücü qurğunun tikintisi işləri həyata keçirilir. Su mənbəyindən şəhərə çəkiləcək 14,8 km uzunluğunda magistral su kəmərinin 13 km-lik hissəsi inşa edilib. Şəhərin relyef baxımından hündür nöqtələrində ümumi tutumu 5500 kubmetr olan 7 ədəd anbar tikiləcəkdir. Hazırda 3 ədəd anbarın inşası davam etdirilir.

Layihə çərçivəsində Gədəbəy şəhərində 79,4 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana ev birləşmələri veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq. Layihənin icrasına başlanandan ötən müddət ərzində su şəbəkəsinin 18 km-lik hissəsi tikilib.

İlk dəfə Gədəbəy şəhərində kanalizasiya şəbəkəsi yaradılır. Layihəyə əsasən şəhərdə yaranan tullantı sularının idarə edilməsi üçün 66,2 km uzunluğunda kanalizasiya şəbəkəsi, 1,5 km uzunluğunda kanalizasiya kollektoru, 2050 ədəd kanalizasiya quyusu tikiləcəkdir. Artıq kanalizasiya şəbəkəsinin 17 km-lik hissəsində tikinti quraşdırma işləri yekunlaşıb.

Şəhərdə yaranacaq tullantı suları gələcəkdə inşası nəzərdə tutulan, məhsuldarlığı sutkada 3500 kubmetr olan çirkab sutəmizləyici qurğuda təmizlənəcək.

Ümumilikdə 2016-cı ilin sonuna qədər Gədəbəy şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi" çərçivəsində Gədəbəy şəhəri ilə yanaşı Astara, Daşkəsən, Qazax, Samux və Tərtər şəhərlərinin də su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması nəzərdə tutulur. 2015-ci ildə Astara, Daşkəsən və Tərtər şəhərlərində tikinti quraşdırma işlərinə başlanılıb. Qazax və Samux şəhərləri üzrə layihələrin icrasına hazırlıq görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti