Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə ikinci konteyner qatarı Azərbaycan ərazisindən tranzit olaraq keçməklə Gürcüstana çatıb. Bu barədə Trend "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bu il avqustun 3-də Şixezi (Çin) - Dostık - Aktau - Ələt limanı marşrutu üzrə hərəkət edən ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatmışdı.
Qeyd olunan konteyner qatarının fəaliyyəti dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq, "Qazaxıstan temir jolı" SC, "Çin Dəmir Yolları" (ÇSR), "Azərbaycan Dəmir Yolları" QSC və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir.
Artıq ikinci konteyner qatarı mənzil başına çatıb. Çin Xalq Respublikasının Urumçi-Xinjiang vilayətinin Alaşanko eksport stansiyasından çıxan 44 ədəd vaqondan ibarət konteyner qatarı Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, 8 gün ərzində Gürcüstanın Tbilisi Uzlovaya stansiyasına çatıb.
Qeyd edək ki, əvvəllər belə qatarlar alternativ marşrutlarla 25-40 gün müddətində Bəndər-Abbas və Poti limanları vasitəsilə daşınırdı.