...

Azərbaycanda bu il 200-dən çox sənaye müəssisəsi və obyekti istifadəyə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2015 12:04 (UTC +04:00)
2015-ci ilin 9 ayı ərzində Azərbaycanda 200-dən çox sənaye müəssisəsi və obyekti istifadəyə verilib, 10 elektrik yarımstansiyası fəaliyyətə başlayıb.
Azərbaycanda bu il 200-dən çox sənaye müəssisəsi və obyekti istifadəyə verilib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

2015-ci ilin 9 ayı ərzində Azərbaycanda 200-dən çox sənaye müəssisəsi və obyekti istifadəyə verilib, 10 elektrik yarımstansiyası fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Nazir bildirib ki, hazırda dövlətin maliyyə dəstəyi ilə özəl sektor tərəfindən 20-yə yaxın sənaye müəssisəsi inşa olunur: "Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliyi artıb. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur və bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir. Rəqabətədavamlı məhsul istehsalı, beynəlxalq standartlara cavab verən markalanma və qablaşdırmanın aparılması ixracın genişlənməsinə yeni imkanlar yaradır, Azərbaycanın bir sıra sənaye müəssisələrinin məhsulları xarici bazarlara çıxarılır".

Ş.Mustafayev qeyd edib ki, Sumqayıt Kimya, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarının, regionlarda sənaye məhəllələrinin yaradılması qeyri-neft sənayesinin davamlı inkişafı üçün möhkəm zəmin yaradır: "Təkcə Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 mlrd. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azertexnolayn" MMC tərəfindən dəyəri 45 mln. ABŞ dolları olan 60 min ton boru məhsulunun Türkmənistana ixracı üzrə müqavilə bağlanıb. Qaradağ Sənaye Parkının rezidenti olan "Bakı Gəmiqayırma Zavodu" MMC tərəfindən müqavilə dəyəri 40 mln. ABŞ dolları olan sifariş əsasında yarımdalma qazma qurğusunun pantonlarının tikintisi başa çatdırılaraq təhvil verilib və hazırda ümumi dəyəri 404 mln. ABŞ dollarından çox olan 2 sifariş əsasında sualtı tikinti gəmisinin və üç ədəd 80 nəfərlik sərnişin gəmisinin tikintisi aparılır".

Nazir yazır ki, tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkəmizdə "yaşıl biznes"in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən ilkin mərhələdə 10 mln. manatdan artıq investisiya yatırımı nəzərdə tutulur: "Gələn ilin birinci yarısında Neftçala rayonunda ilk sənaye məhəlləsi fəaliyyətə başlayacaq. Hazırda sənaye məhəlləsində geniş infrastruktur şəbəkəsinin (elektrik, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, inzibati, istehsal və digər infrastruktur obyektlərinin) yaradılması işləri aparılır. Sahibkarlar tərəfindən sənaye məhəlləsində balıq məhsulları və yeminin, müxtəlif avadanlıqların, qapı-pəncərə və tikinti materiallarının, qayıq və balıqçılıq ləvazimatlarının istehsalı ilə bağlı Azərbaycan İnvestisiya Şirkətinə 18 layihə təqdim olunub. Sənaye məhəlləsində sahibkarların fəaliyyətinin səmərəli təşkili üçün hüquqi, bank, sığorta, ümumi mühasibatlıq xidmətləri göstəriləcək, onlara müxtəlif təlimlər keçiriləcək".

Ş.Mustafayevin məqaləsində deyilir ki, ilkin mərhələdə şirkətlər tərəfindən sənaye məhəlləsinə 7 layihə üzrə 15,6 mln. manat investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı gözlənilir: "Burada sənaye istehsalı və ya sənaye ilə bağlı xidmət üzrə layihələr həyata keçirmək istəyən sahibkarlar Azərbaycan İnvestisiya Şirkətinə müraciət edə bilərlər. Sənaye sahəsində həyata keçirilən tədbirlər rəqabətqabiliyyətli məhsul istehsalının genişlənməsi ilə bərabər, idxalın əvəz edilməsinə də öz töhfəsini verir. Məsələn, son illər yeni sement zavodlarının fəaliyyətə başlaması bu sahədə ölkəmizin illik istehsal gücünün 5 milyon tonu ötməsinə və tələbatın əsasən yerli istehsal hesabına ödənilməsinə imkan yaradıb. Qarşıdakı illərdə sənayenin modernləşdirilməsi və innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud zəngin təbii resurslardan səmərəli istifadə, son məhsuladək texnoloji zəncirin qurulması, rəqabətqabiliyyətli sənaye istehsalının artırılması və ixracın genişləndirilməsi Azərbaycan sənayesinin başlıca istiqamətləridir. Növbəti illərdə bu prioritetlərə uyğun olaraq sənayenin inkişafına dövlət dəstəyi tədbirləri davam etdiriləcək, yeni istehsal sahələrinin yaradılması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti