...

Azərbaycan və İran Şimal-Cənub dəmiryol əlaqəsi üzrə protokol imzaladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2015 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Elmir Murad/

Astarada (Azərbaycan) Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası üzvlərinin ikitərəfli görüşü keçirilib. Bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı görülən işlərin gedişi müzakirə olunub, yaradılacaq infrastruktur barədə müzakirələr aparılıb, dəhlizin Astara (Azərbaycan) - Astara (İran) hissəsinə baxış keçirilib.

Görüşün sonunda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası çərçivəsində Şimal-Cənub dəmiryol əlaqəsi üzrə işçi qrupunun iclasının protokolu imzalanıb. Protokolu Azərbaycan tərəfdən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, İran tərəfdən isə İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi imzalayıb.

İkitərəfli görüşdə əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında saziş Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində imzalanıb.

Adıçəkilən ölkələrdə daxili prosedurlardan keçdikdən sonra saziş 21 may 2002-ci il tarixdən qüvvəyə minib.

2005-ci ilin sentyabr ayında Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında sazişə qoşulub.

Xatırladaq ki, Şimal-Cənub dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa - Cənubi Asiya - Yaxın Şərq arasında dəmiryol daşımalarını, müvafiq olaraq dəmiryolun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti