Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Azad Həsənli/
Azərbaycan ÜDM-də müşahidə olunmayan iqtisadiyyatın ("kolgə iqtisadiyyatı") payı 9,1 faiz təşkil edir. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimovun "Statistika xəbərləri" elmi-praktik jurnalında dərc edilən məqaləsində deyilir.
Məqalədə qeyd olunur ki, sənayedə "kölgə iqtisadiyyatı"nın payı ÜDM-in 1,1 faizini, kənd təsərrüfatında 0,5, tikintidə 1,3, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 2,1, nəqliyyat və anbar təsərrüfatı sahəsində 0,4, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 0,4, sosial və digər xidmətlər sahəsində isə 3,3 faiz təşkil edir.
R.Səlimov qeyd edib ki, sahibkarlar statistik hesabat və bəyannamələri dövlət qurumlarına təqdim edərkən bəzi hallarda məlumatları təhrif edirlər: "Müayinənin nəticələri göstərib ki, məlumatlar əsasən tikinti, emal sənayesi, ticarət, nəqliyyat və anbar təsərrüfatı, turistlərin yerləşdirilməsi və ictimai iaşə, sosial və digər xidmət sahələrində təhrif edilir. Sahibkarların vergi, statistika və digər dövlət orqanlarına təqdim etdikləri hər 10 hesabatdan 6-da, o cümlədən 20 nəfərədək işçisi olan müəssisələrin 10 hesabatından 7-də, 20 nəfərdən 50 nəfərədək işçisi olanların 6-da, 100-dən artıq işçisi olanların isə 5-də təhrif etmələrə yol verilir".
O əlavə edib ki, bu hesabatlarda gəlirlər faktiki olduğundan orta hesabla 29,1 faiz, əməkhaqqı xərcləri 23,8 faiz az, xammal-material xərcləri 14,5 faiz, xidmətlərin ödənilməsi xərcləri 16,1 faiz, digər maddi xərclər isə faktiki olduğundan 6,3 faiz artıq göstərilir.
R.Səlimovun sözlərinə əsasən, emal sənayesi üzrə təhrif edilmiş hesabatlarda gəlirlər faktiki olduğundan 25,8 faiz, tikintidə 33,4 faiz, ticarətdə 44,4 faiz, nəqliyat və anbar təsərrüfatında 33,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 29,4 faiz, sosial və digər xidmət sahələrində 22,3 faiz az göstərilir.