...

Fikrət Yusifov: “Dövlət başçısının çıxışı Azərbaycanda yeni mərhələnin başlanğıcını qoydu” (MÜSAHİBƏ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2015 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

"Prezidentin yaratdığı şəraitdən sahibkarlar sui-istifadə etməməlidir".

"Azərbaycan da öz hədəfinə doğru sistemli və xüsusi proqramlarla "silahlanmış" şəkildə gedir".

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun Trend-ə müsahibəsini təqdim edirik:

- Fikrət müəllim, əvvəlcə istərdik ki, Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas barədə ümumi fikirlərinizi eşidək...

- Fikrimcə, bu müşavirə və ən əsası Prezidentin çıxışı artıq bir neçə ildir ki, Azərbaycanın yeni dönəm üçün formalaşdırılan iqtisadiyyatının daha sürətli inkişafına təkan verəcək xüsusi hadisə kimi qiymətləndirilməlidir. Dövlət başçısının fundamental əsaslara və ayrı-ayrı sahələr üzrə real vəziyyətə dair səhih informasiyalara söykənən çıxışı hələ uzun müddət təhlil olunacaq. Bilirsiniz ki, dünya bazarlarında neftin qiymətlərinin kəskin ucuzlaşması səbəbindən ölkəyə daxil olan gəlirlər azalıb. Bu vəziyyət də sözsüz ki, məsələlərə yeni yanaşma və adekvat addımlar tələb edir. Bu addımların da nədən ibarət ola biləcəyini, hansı dəyişikliklərə ehtiyac olduğunu dövlət başçısı dəqiqliklə göstərdi və demək olar ki, hər bir sahə üzrə konkret fəaliyyət istiqamətlərinin aydın mənzərəsini yaratdı. Prezident kifayət qədər açıq danışaraq həm əldə olunmuş uğurlardan, həm də sürətli inkişafımıza əngəl olan xoşagəlməz hallardan bəhs etdi. Həmin çıxışı izləmiş vətəndaşlar da gördülər ki, Prezident ölkə problemlərinə, vətəndaşların sosial rifahına, eləcə də sahibkarları narahat edən problemlərə necə hassaslıqla yanaşır, Azərbaycanın mənafeyinə zərər yetirən ən xırda məqamlara qarşı sərt və prinsipial münasibət bəsləyir.

- Prezidentin çıxışında daha çox hansı məqamlar diqqətinizi çəkdi?

- Bilirsiniz, cənab Prezidentin hər bir çıxışı ölkənin gələcəyini düşünən, dövlətinə dəstək verməyə çalışan insanlar üçün xüsusi əhəmiyyət kəsb edir. O baxımdan ki, bu çıxışlarda hər dəfə yeni informasiyalar olur, prioritet istiqamətlərlə bağlı konkret fikirlər səsləndirilir və bütün bunlar ictimai aktivliyi olan şəxslər üçün də önəmlidir. Amma sözsü ki, bir iqtisadçı kimi məni bu çıxışlardakı iqtisadi məsələlərə dair məqamlar daha çox maraqlandırır. Son müşavirədəki çıxışda isə sahibkarlıq və bu sahənin inkişafının sürətləndirilməsinin zəruriliyi barədə fikirlər xüsusilə diqqətimi çəkdi.

- Necə düşünürsünüz, neft gəlirlərinin azalması fonunda hökumətin atdığı addımlar situasiyaya adekvatdırmı?

- Dünyada gedən proseslər və xüsusən neft qiymətlərinin kəskin aşağı düşməsi səbəbindən gəlirlərimizin azalması hər kəsə məlum olan həqiqətdir. Neftdən asılılığı minimuma endirmək üçün hökumət zəruri tədbirləri hələ ötən illərdən görür, xüsusi dövlət proqramları və layihələr hazırlanır. Burada bir məqama diqqətinizi yönəltmək istərdim. Bəzi ekspertlər bir çox hallarda məqsədli şəkidə belə şərhlər verirlər ki, guya Azərbaycan hökuməti heç vaxt neftdən asılılığa son qoymaq barədə düşünməyib və indi çıxılmaz vəziyyətdə qaldığından qeyri-neft sektorunun inkişaf etdirilməsinə maraq göstərir. Xeyir, qətiyyən belə deyil. İlham Əliyev Prezident seçildiyi ilk günlərdən Azərbaycan iqtisadiyyatının diversifikasiya edilməsinin vacibliyindən danışıb və sonrakı mərhələlərdə bu istiqamətdə konkret tədbirlər həyata keçirilib. Yeri gəlib deyə, Prezidentin düz 11 il əvvəl, Nazirlər Kabinetinin iclasında çıxış edərkən səsləndirdiyi bir fikri növbəti dəfə xatırlatmaq istərdim. O, ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyulmasının əsas hədəf olduğunu qeyd edərək belə demişdi: "Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq. Ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur - daha doğrusu, Azərbaycan neft ölkəsi deyil". Məhz Prezidentin həmin vaxtdan bəyan etdiyi bu kursun nəticəsidir ki, bu gün Ümumi Daxili Məhsulun tərkibində qeyri neft sektorunun payı 70 faizə çatıb.

- Sizcə sahibkarlıq fəaliyyətini inkişaf etdirməklə neftin qiymətlərində baş verən dəyişikliyə görə gəlirlərin azalmasını konpensasiya etmək mümkün olacaqmı?

- Sahibkarlığın və ümumən qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönəlmiş tədbirləri gəlir itkisini konpensasiya etmək məqsədinə hesablandığı barədə fikirlərlə razı deyiləm. Bu, müvəqqəti, mövsümi xarakter daşıyan tədbirlər deyil. Bayaq dediyim kimi, Prezident düz 11 il əvvəl bu yolu göstərib və o vaxtdan bu günə qədər kifayət qədər ciddi addımlar atılıb ki, ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyulsun. Bu, asan və qısa müddət tələb edən məsələ deyil. Azərbaycanın neft sənayesinin 200 ilə yaxın tarixi var. Biz bu sahədə bir çox ilklərə imza atmışıq. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamış ölkədir. Yəni neft bizim əsrlər boyu formalaşmış iqtisadi sistemimizin bazasını təşkil edib və bu da təbii haldır. İndi bəziləri deyir ki, Azərbaycan iqtisadiyyatında neft amili bir neçə ilə aradan qaldırılmalı idi. Axı bu, mümkün deyil. Neft faktoru üzərində möhkəmlənmiş iqtisadiyyatı qısa müddət ərzində şaxələndirmək olmur və bunu iddia edən adamlar ancaq cəfəngiyat danışırlar. Bu proses mərhələli şəkildə həyata keçirilməlidir və Azərbaycan da öz hədəfinə doğru sistemli və xüsusi proqramlarla "silahlanmış" şəkildə gedir. Sualınıza qayıdaraq bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda sahibkarlığın və ümumi anlamda qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin əsas məqsədlərindən biridir və bu strateji xətt öz başlanğıcını İlham Əliyevin prezident seçildiyi ilk günlərdən götürür.

- Sahibkarlığın inkişafına əngəl olan hansı amilləri göstərə bilərsiniz?

- 9 ayın yekunlarına həsr olunmuş müşavirədə Prezidentin özü ölkədə sahibkarlığın inkişafına əngəl olan bütün məqamlar barədə açıq şəkildə danışdı və öz etirazını kifayət qədər sərt şəkildə ifadə etdi. Əlbəttə, sahibkarlığın inkişafının arzulanan səviyyədə olmaması ancaq subyektiv amillərlə bağlıdır. Bu sırada vəzifə səlahiyyətlərindən sui-istifadə edən yerli məmurların davranışını, şəxsi təşəbbüslərə söykənən lüzumsuz yoxlamaları, xüsusi lisenziyaların verilməsində süründürməçilik hallarını və yenə də ayrı-ayrı xırda məmurların qanunsuz yolla pul əldə etmək həvəsini göstərə bilərik ki, Prezident də məhz bu xoşagəlməz məqamlara diqqət yönəldərək onların aradan qaldırılması və sahibkarlığın yüksək səviyyədə inkişafına nail olunması üçün aidiyyatı qurumlara konkret tapşırıqlarını verdi. Elə ertəsi gün mətbuata verdiyim açıqlamada qeyd etmişdim ki, bu müşavirənin nəticəsi özünü çox gözlətməyəcək.

- Demək istəyirsiniz ki, gözləntiləriniz doğruldu?

- Bəli, gözləntilərimiz doğruldu. Lisenziya və xüsusi icazələrin verilməsi sahəsində yaranmış vəziyyətin aradan qaldırılması yolunda olduqca mühüm addım atıldı. Prezidentin oktyabr ayının 19-da "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" imzaladığı Fərman təkcə lisenziyaların və xüsusi icazələrin deyil, bütövlükdə sahibkarlığın inkişafının qarşısında əngələ çevrilmiş bütün məqamların tezliklə aradan qaldırılması yolunda inqilabi bir dönüşün başlanğıcını qoydu. Çox sadə görünən bir işin - lisenziyanın əldə edilməsinin süni çətinliklərini yaşamış sahibkarlar Prezidentin bu addımını hər kəsdən daha çox alqışlayır. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib və heç şübhə etmirəm ki, tarixi əhəmiyyət daşıyan bu sənəd Parlamentdə tezliklə qəbul olunacaq. Bilirsiniz ki, ayrı-ayrı nazirliklər Prezidentin tapşırıqlarına uyğun olaraq islahat xatakterli tədbirlərə başlayıblar və heç şübhəniz olmasın ki, bu proses davamlı olacaq. İndi əsas məsuliyyət sahibkarların üzərinə düşəcək. Prezident onların rahat və daha böyük həvəslə işləməsini təmin edən bütün addımları atır. Dünyanın heç bir ölkəsində sahibkarlara bu qədər diqqət və qayğı göstərilmir. Odur ki, indi gərək sahibkarlar da bunu qiymətləndirib, yaranmış vəziyyətdən sui istifadə etməsinlər. Hər kəs üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməli və qanunla müəyyən edilmiş öhdəlikləri vaxtlı vaxtında icra etməlidirlər. Belədə həm onlar qazanacaq, həm də dövlət.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti