...

Azərbaycan statistikləri Prezident İlham Əliyevə müraciət etdilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2015 18:23 (UTC +04:00)
Sizi əmin edirik ki, hər bir statistik qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmək üçün daha səylə çalışacaq və sizin etimadınızı doğruldacaq
Azərbaycan statistikləri Prezident İlham Əliyevə müraciət etdilər

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbirlər Ənvər Məmmədov, İlhamə İsabalayeva/

Bakıda Ümumdünya Statistika Gününə həsr olunmuş iclas keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Komitə sədrinin müavini Rauf Səlimov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Antonius Bruk və digərləri çıxış ediblər.

Tədbirdə Ümumdünya Statistika Günü ilə bağlı videoçarx nümayiş olunub.

Sonra Azərbaycan Prezidentinin 17 oktyabr tarixli sərəncamı ilə təltif edilmiş statistika sahəsinin işçilərinə orden və medallar təqdim olunub.

Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Müraciətdə qeyd olunur: "Möhtərəm Prezident İlham Əliyev, ölkə statistikləri BMT Baş Assambleyasının 69-282 saylı qətnaməsi ilə elan edilmiş Ümumdünya Statistika Gününü böyük sevinclə qeyd edirlər. Azərbaycan statistika orqanları bugünkü səviyyəyə çatmaq üçün 95 illik çətin yol keçmiş, yalnız ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq, layiq olduğu dəyərə malik dövlət qurumuna çevrilmiş, özünün intibah dövrünü yaşamışdır. Onun müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkə statistikasının beynəlxalq standartlara uyğun qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, rəsmi statistikanın hüquqi əsasları yaradılmış, statistika orqanlarının maddi-texniki bazası yenidən qurulmuşdur. Bütün bunlar statistika sisteminin inkişafına, milli statistika təcrübəsində istifadə olunan metodologiya və standartların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsinə təkan vermişdir.

Siz ölkə rəhbəri seçildiyiniz gündən respublikamızda vüsət almış sürətli sosial-iqtisadi inkişaf statistika sistemi qarşısında da yeni vəzifələr müəyyən etmiş, rəsmi statistikanın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirmişdir. Bu sahənin inkişafı ilə bağlı qəbul etdiyiniz dövlət proqramlarının icrası Azərbaycan statistikasının dünya statistika sisteminə inteqrasiyasını sürətləndirmiş, bu sahədə işlərin daha dinamik inkişafı üçün həlledici rol oynamışdır. Statistika orqanlarında qabaqcıl İKT texnologiyalarının tətbiqi genişləndirilmiş, ölkə statistikləri üçün müasir iş şəraiti yaradılmışdır.

Möhtərəm cənab Prezident, Ümumdünya Statistika Günü ərəfəsində bir qrup əməkdaşımızı yüksək dövlət mükafatları - orden və medallarla təltif etməyiniz Sizin statistika sahəsinə göstərdiyiniz ali diqqət və qayğının növbəti təzahürüdür. Bu münasibət statistikləri ruhlandırır, eyni zamanda onların məsuliyyətini daha da artırır. Biz başa düşürük ki, ölkənin gələcəyi naminə düzgün qərarların qəbul olunması üçün statistika məlumatları vaxtında və keyfiyyətlə hazırlanmalıdır. Sizi əmin edirik ki, hər bir statistik qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmək üçün daha səylə çalışacaq və sizin etimadınızı doğruldacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti