...

Azərbaycan Yaponiya üçün təqdimatlar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2015 18:21 (UTC +04:00)
Yaponiya nümayəndə heyəti üçün təqdimatlar keçirilib.
Azərbaycan Yaponiya üçün təqdimatlar keçirib

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Yaponiyanın iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarininin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Hazırda Azərbaycan Yaponiya ilə neft-qaz, energetika, maliyyə sahələrində əməkdaşlıq edir. Ölkəmizin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə səmərəli əlaqələri var. Azərbaycanda Yaponiya investisiyalı 18 şirkət qeydiyyata alınıb.

Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Ş.Mustafayev ölkələrimiz arasında əməkdaşlığın qeyri-neft sahəsində genişləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. Azərbaycan və Yaponiya kimya sənayesi, polad istehsalı, əczaçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əməkdaşlıq edə bilərlər. Bildirilib ki, Azərbaycanın neft-kimya sahəsində geniş potensialı və təbii resursları var. Ölkəmizdə Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. Artıq sənaye parkında 4 rezident qeydiyyatdan keçib və rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 mlrd. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.

Ş.Mustafayev Sumqayıt Kimya Sənaye Parkında Yaponiya şirkətlərinin iştirakının və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. Azərbaycanda dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığı, bu sahədə Yaponiyanın "Marubeni Corporation" şirkətinin məsləhət xidməti göstərdiyi bildirilib. Qeyd edilib ki, Yaponiya şirkətləri bu sahədə podratçı qismində iştirak edə, həmçinin investisiya yatıra bilərlər.

Yaponiyanın iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri A.Amarini Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizə səfəri çərçivəsində keçirəcəyi görüşlərin əlaqələrimizin inkişafı baxımdan əhəmiyyətli olacağını vurğulayıb. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə kimya sənayesi, metallurgiya, əczaçılıq və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının təqdimatı keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti