...

“Bank of Azerbaijan”ın əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2016 15:35 (UTC +04:00)

Bakı. Trend:

"Bank of Azerbaijan"ın əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib.

Əmanətlərin Sığortalanması Fondunun üzvü olan "Bank of Azerbaijan" ASC-də sığorta hadisəsi baş verib.

Fonddan Trend-ə verilən məlumata görə, Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 22 yanvar 2016-cı il tarixli 16-00019-2016 nömrəli məktuba istinad edərək bildirir ki, "Bank of Azerbaijan" ASC-nin öhdəliklərinin icrasına, o cümlədən əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib.

Bununla da "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və "Bank of Azerbaijan" ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilir.

Əmanətlərin Sığortalanması Fondu "Bank of Azerbaijan" ASC-də sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırır və bildirir ki, 22 yanvar 2016-cı il tarixi "Bank of Azerbaijan" ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

Məlumat üçün bildiririk ki, "Bank of Azerbaijan" ASC-də 30 (otuz) min manata qədər qorunan əmanəti olan qorunan əmanətçilərin əmanətlərinin 100 faiz həcmində kompensasiya ediləcəyinə Fond təminat verir.

"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, 7 təqvim günü ərzində "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti