...

"Fitch Ratings" PAŞA Bank-ın yüksək reytinqini təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2016 14:16 (UTC +04:00)
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın ən iri banklarından biri – PAŞA Bankın reytinqini təsdiq edib.
"Fitch Ratings" PAŞA Bank-ın yüksək reytinqini təsdiq edib

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Azərbaycanın ən iri banklarından biri - PAŞA Bankın reytinqini təsdiq edib.

Bankın uzunmüddətli emitentin defoltu reytinqini (EDR) "BB-", qısamüddətli EDR isə "B" səviyyəsində təsdiq edilib. Bankın dayanıqlıq reytinqi "B+", dəstək reytinqi isə "3", uzunmüddətli EDR-in saxlanılması səviyyəsi "BB-" səviyyəsində təsdiq olunub.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, real sektorun etibarlı partnyoru olan Bankın fəaliyyəti 2015-ci ildə iqtisadiyyatda baş vermiş dəyişiklikləri nəzərə alaraq kifayət qədər uğurlu olub və bu, beynəlxalq agentliyin təsdiq etdiyi reytinqdə öz əksini tapıb.

"Regionda müşahidə olunan gərgin makroiqtisadi fona baxmayaraq, "Fitch Ratings" Bankımızın güclü bazar mövqelərini təsdiq edir. "Azərbaycan-Gürcüstan-Türkiyə" iqtisadi üçbucağı çərçivəsində PAŞA Bank gələcəkdə də öz müştərilərinə hərtərəfli dəstək göstərəcək və onlara işlədikləri ölkələrdə öz biznesləri üçün rəqabət üstünlüklərini əldə etməyə kömək edəcək", - T.Kazımov bildirib.

Xatırladaq ki, 2015-ci ildə "Fitch Ratings" PAŞA Bankın reytinqini "В+"-dan "ВВ-"-dək yüksəldilməsi haqqında qərar qəbul etmişdir. Bu reytinq Azərbaycan bankları arasında ən yüksək reytinqlərdən biridir.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 400 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti