...

"AmCham" Azərbaycanda aparılan iqtisadi islahatları alqışlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2016 13:37 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") ölkədə fəaliyyət göstərən beynəlxalq və milli biznes qurumlarının birliyi kimi son dövrlərdə həyata keçirilən ciddi iqtisadi islahat təşəbbüslərinin dəstəklənməsi məqsədilə Azərbaycan hökuməti ilə uğurlu dialoqunu davam etdirir.

Palatadan Trend-ə verilən məlumata görə, müzakirə edilən məsələlər gündəliyinə xüsusi olaraq ölkədə sahibkarlıq fəaliyyətinin asanlaşdırılması və ölkənin investisiyalar üçün cəlbediciliyinin artırılması daxildir. Sözügedən konstruktiv dialoq bir sıra istiqamətlər üzrə artıq konkret qərarların qəbul edilməsi ilə nəticələnib.

Belə vacib qərarlardan biri cinayət tərkibi yaradan vergidən yayınma əməli üçün müəyyən olunmuş hədlərin artırılması ilə bağlı "AmCham" tərəfindən irəli sürülmüş təklifin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dəstəklənməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinə bununla bağlı müvafiq dəyişikliyin edilməsidir. Cinayət Məcəlləsinin 213-cü maddəsinə edilmiş və artıq bu ilin iyun ayının 1-dən qüvvəyə minən dəyişikliklə xeyli miqdarda vergi ödəməkdən yayınmaya görə cinayət məsuliyyətinə cəlb edilmə həddi 2 000 manatdan 20 000 manatadək, külli miqdarda yayınmaya görə isə 50 000 manatdan 100 000 manatadək artırılıb.

Palata bu qərarı alqışlayır və hesab edir ki, bu dəyişiklik sahibkarlıq subyektlərində etimadın gücləndirilməsinə, sosial ədalətin təmin edilməsinə və tənzimləmə yükünün və xərclərinin azaldılmasına töhfə verəcək: "Əminik ki, hazırda müzakirələrin davam etdiyi bir sıra digər istiqamətlər üzrə də müsbət irəliləyişə nail olunacaq. Biz Azərbaycan iqtisadiyyatının daha da güclənməsi və rəqabət qabiliyyətliyinin artırılması istiqamətində bütün tərəfdaşlarımızla işləmək əzmindəyik".

"AmCham" haqqında:

"AmCham" Azərbaycan - Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, "AmCham" öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış "AmCham" 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. "AmCham" Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə "AmCham"ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti