...

İlham Əliyev: Biz neftdən asılılığı tamamilə aradan götürəcəyik

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2016 23:13 (UTC +04:00)
“Kənd təsərrüfatı 3 faizdən bir qədər çox artıb. Bu da müsbət haldır, ancaq potensial daha da böyükdür. Bu il görülən və görüləcək işlər, həmçinin gələn il görüləcək işlər nəticəsində kənd təsərrüfatında çox böyük irəliləyiş olacaqdır”.
İlham Əliyev: Biz neftdən asılılığı tamamilə aradan götürəcəyik

Bakı. Trend:

“Kənd təsərrüfatı 3 faizdən bir qədər çox artıb. Bu da müsbət haldır, ancaq potensial daha da böyükdür. Bu il görülən və görüləcək işlər, həmçinin gələn il görüləcək işlər nəticəsində kənd təsərrüfatında çox böyük irəliləyiş olacaqdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zaman deyib.

Dövlət başçısı bildirib ki, ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub: “Bu da çox müsbət haldır. Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkədir. Bu il daha çox xarici sərmayə qoyulubdur. Mən bunu da müsbət qiymətləndirirəm. Çünki daxili sərmayələr azalır. Ona görə ki, indi bizim investisiya proqramımız ixtisar olunub. Bu da təbiidir. Ancaq xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkə kimi qalır və əminəm ki, gələcəkdə bu proses davam etdiriləcəkdir”.

İlham Əliyev vurğulayıb ki, ilin altı ayında 78 min daimi iş yeri açılıbdır: “Ümumiyyətlə, iş yerlərinin açılması 90 minə yaxındır. Amma onlardan 78 mini daimi iş yeridir. Bu da çox müsbət haldır. Çünki ilin əvvəlində müəyyən narahatlıq var idi ki, bəzi iş yerləri bağlanır. Düzdür, 26 min iş yeri bağlanıbdır. Ancaq 78 min iş yeri açılıbdır. Ona görə, biz görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına, - özəl sektorda da bu işlər gedir, - burada da müsbət dinamikanı görürük. Özəl sektora da dövlət qurumları tərəfindən çox ciddi tövsiyə edilmişdir ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər. Ona görə, qeyd etməliyəm ki, özəl sektor da özünü çox məsuliyyətli aparıb. Bu da təbiidir. Çünki özəl sektor uzun illərdir ki, dövlət tərəfindən çox böyük dəstək - həm siyasi, həm də ki, maddi dəstək alır. Güzəştli şərtlərlə verilən kreditlərin həcmi 1 milyard dolları ötüb. Ona görə, əlbəttə, özəl sektor da sosial məsuliyyət daşımalıdır. Ona görə, bax, 78 min iş yeri açılmış, 26 min iş yeri bağlanmışdır. Deməli, 50 mindən çox yeni iş yerləri açılıbdır və bu da çox müsbət haldır”.

Dövlət başçısı bildirib ki, sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılmışdır: “Ümumiyyətlə, 2016-cı ilin ötən dövründə bəzi ölkələrdə maaşlar, pensiyalar ixtisar edilib. Ancaq Azərbaycanda maaşlar və pensiyalar 10 faiz qaldırılıbdır və bu da çox ciddi sosial təşəbbüsdür.

Bu il biz sosial mənzillərin inşasına başlamaq fikrindəyik. Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradılıb. Onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq. İndi hazırlıq işləri aparılır. Ümid edirəm ki, bu il artıq praktiki addımlar atılacaq və bu yeni sosial təşəbbüs çox geniş vüsət alacaqdır”.

İlham Əliyev vurğulayıb ki, 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq: “Düzdür, biz bu islahatları uzun illərdir ki, aparırıq. Ancaq əvvəlki dövrdə vəziyyət başqa idi. Neft hasilatı artırdı. Neftin qiyməti 100 dollardan çox idi. Beləliklə, bizim əsas vəzifəmiz infrastruktur layihələrinin - həm sosial infrastruktur, həm digər infrastruktur layihələrinin icrası idi. Çox böyük vəsait ayrılırdı. Biz elektrik enerjisi, qazlaşdırma, kənd yollarının tikintisi ilə bağlı əsas infrastruktur layihələrini qısa müddətdə icra etdik. Hələ ki, bu istiqamətdə işlər davam edir, amma infrastruktur layihələrinin böyük əksəriyyəti artıq reallaşıb.

İndi vəziyyət tam başqadır. Mən artıq dəfələrlə demişəm, biz postneft dövründə yaşayırıq. Düzdür, bir neçə ildən sonra Azərbaycan dünya bazarlarına çox böyük həcmdə təbii qazı da ixrac etməyə başlayacaq və yenə də valyuta axını artacaq. Ancaq biz elə yaşamalıyıq ki, artıq postneft dövründəyik və belə olan halda, əlbəttə, ciddi, daha da dərin iqtisadi islahatlar aparılmalı idi və aparılır. Həm maliyyə-bank sektorunda, həm də kənd təsərrüfatının, sənaye potensialımızın inkişafı ilə bağlı çox ciddi islahatlar aparılır. İxracın stimullaşdırılması, investisiya cəlb edilməsi üçün çox böyük güzəştlər tətbiq olunur. Eyni zamanda, vergi sahəsində, xüsusilə gömrük sektorunda ciddi islahatlar aparılır. Bu il gömrük orqanlarından daxilolmalar plandan 17 faiz artıq yığılıbdır. Bu, çox müsbət nəticədir. Vergi orqanlarında yığım plandan 2 faiz artıq təmin edilib. Amma orada da böyük ehtiyatlar var. Hesab edirəm ki, vergi sistemində aparılan islahatlar ilin sonuna qədər bütün bu vəziyyəti şəffaflaşdıracaq. Necə ki, gömrük orqanlarında bütün məsələlər şəffaf şəkildə öz həllini tapır. Təbii ki, bunu həm insanlar, biznesmenlər, iş adamları görür, eyni zamanda, büdcəyə daha da böyük həcmdə vəsait daxil olur. Yəni, bütün sahələrdə islahatlar dərinləşməlidir, şəffaflıq təmin edilməlidir, nəzarət, maliyyə nəzarəti daha da gücləndirilməlidir. Belə olan halda biz neftdən asılılığı tamamilə aradan götürəcəyik. Məsələ məhz belə qoyulub. Bir neçə il ərzində dövlət büdcəmiz, onun mütləq əksəriyyəti qeyri-neft sektoru hesabına təmin edilməlidir. Ondan sonra neftin qiyməti qalxdı-düşdü, bunun heç bir əhəmiyyəti olmayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti