...

Qaraməryəm-İsmayıllı yolu yenidən qurulub (FOTO/VIDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2016 14:23 (UTC +04:00)
İstismar müddəti bitdiyi üçün uzun müddət yararsız vəziyyətdə olan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qaraməryəm-İsmayıllı hissəsində qısa müddət ərzində əsaslı yenidənqurma işləri aparılıb.
Qaraməryəm-İsmayıllı yolu yenidən qurulub (FOTO/VIDEO)

Bakı. Samir Əli-Trend:

İstismar müddəti bitdiyi üçün uzun müddət yararsız vəziyyətdə olan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qaraməryəm-İsmayıllı hissəsində qısa müddət ərzində əsaslı yenidənqurma işləri aparılıb.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yolun yenidən qurulması “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

III texniki dərəcəli avtomobil yolunun uzunluğu 28 km, torpaq yatağının eni 12 metr, hərəkət hissəsinin eni isə 6 metr idi. Təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilib. Hər iki istiqamət üzrə mövcud çiyinlər bərkidilib, zəruri olan yerlərdə 2,5 metr enində yeni çiyinlər yaradılıb. Bunun üçün dağlıq hissələrdə yol kənarında olan yamaclar qazılaraq çıxarılıb.

Bundan başqa yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərə hamarlayıcı qatın döşənməsi işləri həyata keçirilib. Ümumilikdə yolun 200 min m2 – dən çox ərazisi asfaltlanıb.

Aparılan kompleks tədbirlər zamanı avtomobil yolunun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəzlənib, köhnələri bərpa edilib, giriş-çıxış hissələri də təmizlənib. Beləliklə yolun ayrı-ayrı hissələrində ümumi uzunluqları 364 metr olan 26 ədəd müxtəlif diametrdə və ölçüdə suötürücü boru tikilib və təmir olunub.

Təmir-bərpa işləri çərçivəsidə Qaraməryam-İsmayıllı avtomobil yolunun 2-ci km-də Mehmanlı çayı üzərində normadan artıq yüklənmiş ağırtonnajlı yük maşınlarının hərəkəti nəticəsində dağılaraq qəzalı vəziyyətə düşən körpünün də inşasına aparılıb. 1 aşırımlı körpünün uzunluğu 30 metr, eni isə 10 metrdir. Eyni ölçüdə daha bir körpü yolun 9-cu km-də Kürdmaşı çayı üzərində inşa olunub. Körpülərdə piyadaların rahat və təhlükəsiz şəkildə hərəkəti üçün səkilər də qurulub.

"Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə 38 ədəd yol nişanı və 60 ədəd məlumatverici tablo quraşdırılıb, 14,5 min m2 piyada zolaqları, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb. Bundan başqa yol boyu 12 ünvanda yeni avtobus dayanacaqları da inşa edilib.

Qeyd edək ki, yolun əsaslı şəkildə təmir olunması İsmayıllı və Göyçay rayonlarının 34-ə yaxın yaşayış məntəqəsinin 27 mindən çox əhalisinin gediş-gəlişi xeyli rahatlaşmasına, sosial –iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcək. Bundan başqa aparılan işlər kənd təsərrüfatının və turizmin inkişafına da gətirib çıxaracaq.

Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu 1970-ci illərdə tikilib istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti