Bakı. Trend:
Noyabrın 21-də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin yeni www.azeriqaz104.az internet səhifəsi istifadəyə verilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Azərbaycan dilində fəaliyyətə başlayan saytdan abonentlər təbii qazdan istifadə və təhlükəsizlik qaydalarını, “ASAN xidmət” mərkəzlərində Birliyin göstərdiyi fəaliyyət istiqamətləri, həmçinin sayğaclar barədə məlumatlar əldə edə biləcək, eləcə də “ən çox verilən suallar” bölməsində onları maraqlandıran suallar cavablandırılacaq.
Bundan başqa, abonentlər sayt vasitəsilə elektron müraciət ünvanlaya, "qaynar xət"lərə zəng edə, borclarını öyrənə və onlayn ödəniş edə biləcəklər. Yeni abonentlər də saytdakı müvafiq bölməni seçərək ilkin informasiyaya yiyələnəcəklər.
Birlik tərəfindən abonentlərə göstərilən xidmətlərin və vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə səmərəli təşkili və davamlı təkmilləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.