Bakı. Trend:
ABŞ-ın Bakıdakı səfirliyi və Azərbaycandakı Amerika Ticarət Palatası yerli iş adamlarını ABŞ bazarına daxil olmağa çalışan Azərbaycanlı sərmayəçilər qarşısındakı mövcud imkanlar haqqında maarifləndirmək üçün Birləşmiş Ştatlarda sərmayə üzrə ilk "SelectUSA" seminarını keçirib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Xarici Ticarət Xidmətinin əməkdaşı Neil Pikett hədəf sektorlar, coğrafi ərazilər və xarici sərmayəçilər üçün mövcud olan yerli və ştat üzrə proqramlardan danışıb.
Seminar Birləşmiş Ştatlar və Azərbaycan arasında "SelectUSA" vasitəsilə biznes əlaqələri qurmaq məqsədilə ABŞ səfirliyinin göstərdiyi cəhdlərdən biri və ABŞ Ticarət Departamentinin keçirdiyi ABŞ dövlət proqramıdır. "SelectUSA" federal qaydalar və nizamnamələri daha yaxşı anlamağa yardım etmək, məlumat və başqa informasiyalar təmin etmək və şirkətləri müvəffəqiyyətə nail olmaq üçün tərəfdaş və resurslarla əlaqələndirmək məqsədilə xarici biznes sərmayəçiləri ilə individual olaraq işləyir.
20-22 iyunda Vaşinqton şəhərində 2018-ci il "SelectUSA" sammitində iştirak etmək istəyən Azərbaycan şirkətləri üçün qeydiyyat artıq başlayıb. Sammit Birləşmiş Ştatlarda biznes sərmayəsinə dəstək olmaq məqsədilə dünya şirkətləri ilə ABŞ iqtisadi inkişaf təşkilatlarını (İİT-ləri) birləşdirən əhəmiyyətli tədbirdir. Ötən dörd Sammit minlərlə beynəlxalq sərmayəçini cəlb etdi, yalnızca 2017-ci il sammitində 64 bazardan sərmayəçilər, 51 ABŞ ştatı və ərazilərindən İİT-lər və 14 Missiya Rəhbəri də daxil olmaqla 3,000-dən çox iştirakçı var idi. Ötən Sammitin iştirakçıları 2014-2017-ci illərdə Birləşmiş Ştatlarda 71 milyard dollarlıq yeni sərmayə layihələri elan etdi. Sərmayə Sammiti və qeydiyyat haqqında ətraflı məlumat üçün keçidə daxil olun: http://www.selectusasummit.us/.