Bakı. İlkin Şəfiyev - Trend:
Çin tərəfi üçüncü ölkələrdə Azərbaycanla birgə müəssisələrin yaradılması imkanlarını dəstəkləyir.
Bunu Trend-ə müsahibəsində Çinin Azərbaycandakı səfiri Vey Tszinhua deyib.
Səfir bildirib ki, 2015-ci ildə Çin hökuməti “üçüncü ölkə bazarlarında beynəlxalq əməkdaşlıq” modelini işə salıb:
“Bu model Çinin istehsalat gücünü, inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyalarını və inkişaf etməkdə olan ölkələrin tələbatını səmərəli şəkildə əlaqələndirir. Son iki il ərzində bu əməkdaşlıq modeli beynəlxalq arenada müsbət rəy alıb”.
V.Tszinhuanın sözlərinə görə, Çinlə Azərbaycan arasında qarşılıqlı səmərəli əməkdaşlıq var və bu əməkdaşlıq böyük potensiala malikdir:
“Dünya iqtisadiyyatında artım tempinin azalmasına baxmayaraq, ölkələrimiz arasında ticarətin həcmi ötən il rekord səviyyəyə çatdı. İlin birinci yarısında Çin Azərbaycanın yeddi əsas ticarət tərəfdaşından biri oldu. Ölkələrimiz arasında əməkdaşlıq əsasən nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı, tikinti materialları istehsalı, maşınqayırma, yüngül sənaye kimi sahələrdə genişlənir”.
Səfir xatırladıb ki, hazırda 20-dən çox Çin müəssisəsi Azərbaycanda neft-qaz, tikinti, aviasiya, logistika və digər sahələrdə sahibkarlıq fəaliyyəti həyata keçirir.