Bakı. Mətanət Nəsibova - Trend:
Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması ilk növbədə son 3 il ərzində planlı şəkildə həyata keçirilən köklü islahatlar və dərin institusional dəyişikliklərlə əlaqədardır.
Bunu Trend-ə iqtisad elmləri doktoru, professor Elşad Məmmədov deyib.
E.Məmmədovun sözlərinə görə, iqtisadi göstəricilər əsasən “ASAN Xidmət”, “ASAN İmza” kimi vacib layihələrin reallaşdırılması və ümumilikdə vətəndaşların kiçik və orta sahibkarlıq müəssisələri sahəsinə giriş imkanlarının genişləndirilməsi sayəsində yaxşılaşıb.
Ekspert həmiçinin qeyd edib ki, bu hesabat mikroiqtisadi seqmentin göstəricilərini əks etdirir:
“Əlbəttə ki, milli iqtisadiyyatın gücləndirilməsi üçün daha çox addım atmaq lazımdır. Çünki pul-kredit siyasəti, pul-kredit ehtiyatlarına çıxışın təkmilləşməsi ilə bağlı problemli məqamlar var və bu istiqamətdə müəyyən işlər aparılır”.
E.Məmmədov əlavə edib ki, faiz dərəcəsinin salınması bu istiqamətdə atılan ən ciddi addımlardan olub.
Qeyd edək ki, Azərbaycan Dünya Bankının "Doing Business-2019" reytinqində 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bundan əvvəlki hesabatda ölkəmiz 57-ci yerdə idi.