Aşqabad. Hüseyn Həsənov - Trend:
Türkmənistan və Əfqanıstan regional tranzit layihəsinin Azərbaycan vasitəsilə həyata keçirilməsində maraqlıdırlar.
Trend-in məlumatına görə, bu barədə Türkmənistan və Əfqanıstan prezidentlərinin birgə bəyanatında deyilir.
Sənəd Aşqabadda Qurbanqulu Berdıməhəmmədov və Əşrəf Qani arasında baş tutan danışıqların yekunları üzrə imzalanıb.
Bəyanatda qeyd edilir: "Ölkə liderləri 2017-ci il 15 noyabr tarixli Əfqanıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Türkmənistan arasında tranzit və nəqliyyat əməkdaşlığı haqqında beş tərəfli Razılaşmanın ("Lazurit" və ya "Lapis-Lazuli" dəhlizi haqqında Razılaşma") həyata keçirilməsinin başlanğıcını məmnuniyyətlə qeyd ediblər".
Tərəflər həmçinin 2019-cu ilin may ayında Aşqabadda Razılaşmanın iştirakçı ölkələrinin nəqliyyat nazirlərinin və gömrük xidmətlərinin rəhbərlərinin görüşünün keçirilməsi təklifini dəstəkləyiblər.
Qeyd edək ki, "Lapis-Lazilu" layihəsinə əsasən, dəmir yolları və avtomobil yolları Turqundi şəhərini (Əfqanıstanın Herat əyaləti) Aşqabadla və sonra Xəzər dənizinin sahilində yerləşən Türkmənbaşı limanı ilə birləşdirəcək. Dəhliz Bakıya qədər davam edəcək, daha sonra Tbilisi, Ankara və İstanbuladək uzanacaq. Gürcüstanda isə bu dəhlizin daha bir qolu Poti və Batumiyə uzanacaq.
Tranzit logistikasını və gömrük prosedurlarını asanlaşdırmaq məqsədi daşıyan layihənin büdcəsi 2 milyard dollar dəyərində qiymətləndirilir. Böyük miqyaslı layihə regionun iqtisadi inteqrasiyasını və ticarət həcmini artırmaq üçün nəzərdə tutulub.