Bakı. Trend:
Azərbaycan Avstriya və Çinin iştirakı ilə Mərkəzi Asiya, Azərbaycan, Türkiyə regionunda beynəlxalq daşımaların koordinasiyasının yaxşılaşdırılması məqsədilə "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması təşəbbüsünü təqdim edib.
Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşan Rüstəmov konsultativ görüşdə bildirib.
Onun sözlərinə görə, assosiasiya kollegial orqan olacaq və marşrutun konsepsiyasının, tarif siyasətinin və rəqəmsallaşmanın hazırlanmasını idarə edəcək.
"Çin və Avstriyanın bu marşruta marağı onun cəlbediciliyinin tanınmasıdır", - R.Rüstəmov qeyd edib.
O, dünya bazarlarının inkişaf dinamikasının, Çin Xalq Respublikasından yük daşımalarının artmasının yeni marşrutlara ehtiyac yaratdığını vurğulayıb.
“Hər il dünyada yük daşımaları 5 faiz artır, qlobal dəmir yolu nəqliyyatı bazarı isə 300 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. 2025-ci ilə qədər dünyada 12 trilyon ton - kilometr, 2050-ci ildə 28 trilyon ton - kilometr yük dövriyyəsi gözlənilir", - ADY rəhbəri bildirib.