...

“Yevlax Pilot Aqropark”ın ikinci mərhələ üzrə tikinti işlərinə başlanılır – 31 milyon manatlıq layihə

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2024 18:37 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Yevlax Pilot Aqropark” üzrə tikinti işlərinin (II mərhələ) görülməsi start götürür.

Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırlıqlara başlayıb.

Belə ki, Yevlax rayonu ərazisində yaradılacaq “Yevlax Pilot Aqropark” üzrə tikinti işlərinin (II mərhələ) görülməsi işləri həyata keçiriləcək.

Qurum sözügedən işlərin aparılmasını "M-NAF" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 31.258.831,29 manat olan müqavilə bağlayıb.

Qeyd edək ki, iqtisadiyyat nazirinin 25 avqust 2020-ci il tarixli F-117 nömrəli əmrinə əsasən, "Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" layihəsi çərçivəsində Yevlax rayonu ərazisində pilot aqroparkın yaradılması ilə əlaqədar işlərə başlanılıb.

Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Yevlax Pilot Aqroparkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən bir çox stimullaşadırıcı tədbirlər görülür və bu işlər mütəmadi olaraq davam etdirilir.

Belə ki, dövlət vəsaiti hesabına aqroparkın xarici və daxili infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və vahid pəcərə sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Pilot aqroparkda müasir aqrar-sənaye kompleksinin yaradılması klaster fəaliyyətinin qurulması hesabına həyata keçiriləcək.

Aqroparkın ümumi ərazisi 2807 hektar təşkil edir, bunun da 1147 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1028 hektarını heyvanların yem təminatı sahəsi, 129 hektarını isə sosial zona təşkil edəcək. Pilot aqroparkın 1147 hektarlıq sahəsi 20 hektarlıq parsellərə bölünməklə fermerlərin uzunmüddətli istifadəsinə veriləcək. Layihə çərçivəsində 1147 hektarlıq ərazinin 3 parselində (60 hektar) Dövlət Məşğulluq Agentliyi tərəfindən Yevlax və Goranboy rayonlarında və Mingəçevir şəhərində işaxtaran və işsiz şəxslərin, hər ailəyə 1 hektar olmaqla ümumilikdə 60 ailənin özünəməşğulluq proqramına cəlb edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti