...

Dövlət mülkiyyətinin idarə olunması üzrə Dövlət Komitəsi sosial obyekt və müəssisələrin özəlləşdirilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2006 15:18 (UTC +04:00)

Dövlət mülkiyyətinin idarə olunması üzrə Dövlət Komitəsi Azərbaycan prezidentinin 23 avqust 2006-cı il tarixli "Səhiyyə, təhsil, mədəniyyət və idman sahələrində obyekt və müəssisələrin özəlləşdirilməsi haqqında" sərəncamının səmərəli və vaxtında icra olunması üçün tədbirlərin həyata keçirilməsinə başlayıb.

Dövlət Komitəsindən Trend ə verilən xəbərə görə, bu obyektlərin özəlləşdirilməsinə hazırlıq məqsədi ilə tədbirlər planı hazırlanır. Bu tədbirlərə zəruri informasiyaların toplanması, müəssisələr və onların ayrı-ayrı struktur bölmələri haqqında baş planın hazırlanması, müəssisənin əsas göstəriciləri və təsərrüfat fəaliyyəti xüsusiyyətləri barədə sənədlərin əldə olunması, müvafiq təkliflərin hazırlanması və s. aid edilə bilər.

Bundan başqa, Dövlət mülkiyyətinin özəlləşdirilməsi üzrə İkinci Dövlət Proqramına uyğun olaraq özəlləşdirmə komissiyalarının yaradılması prosesinə hazırlıq işləri gedir. Məlumatda bu müəssisə və obyektlərin özəlləşdirmə üsullarının müəyyən edilməsi və onların inventarlaşdırılması üzrə işlərin getdiyi də bildirlir. Prezident sərəncamında verilən göstərişlərə uyğun olaraq, Dövlət Komitəsi özəlləşdirmə prosesində xarici investorların iştirakı və investisiyaların cəlbi üzrə zəruri tədbirlərin həyata keçirilməsinə başlayıb.

Adıçəkilən sərəncama əsasən, 401 obyekt və müəssisə özəlləşdirməyə açıq elan edilib. Onlardan 43-ü səhiyyə sahəsində, 246-sı təhsil sahəsində, 4-ü Gənclər və İdman Nazirliyi yanında və 108-i isə Mədəniyyət və Turizm Nazirliyi yanında fəaliyyət göstərən obyektlərdir.

Xəbər lenti

Xəbər lenti