Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK), Prezident Aparatı, Nazirlər Kabineti, Milli Məclis, Ədliyyə Nazirliyi və BMT-nin İnkişaf Proqramının nümayəndələri İsveç Gömrük Xidmətində səfərdədilər. Trend in xəbər verdiyi kimi, bu barədə DGK-dan bildirilib. Səfər sentyabrın 17-dək davam edəcək. 15 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinə DGK sədrinin müavini Əsgər Abdullayev başçılıq edir.
Səfərdə məqsəd İsveçdə Avropa İttifaqı Gömrük Məcəlləsinin tətbiqi təcrübəsini öyrənməkdir. Səfər, həmçinin hazırlanmaqda olan Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin tətbiqinə dair DGK-nın mövcud siyasət və prosedurlara tələb olunan əlavə və dəyişiklikləri ilə yanaşı, informasiya texnologiyalarının tətbiq sahələrinin müəyyənləşdirilmiəsinə töhfə verəcək.
Bu səfər Avropa Komissiyasının və BMT-nin İnkişaf Proqramının birgə layihəsi olan "Azərbaycanda gömrük xidmətinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində həyata keçirilir. 2006-ci ilin yanvarından fəaliyyətə başlayan layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, BMT-nin İnkişaf Proqramı tərəfindən isə həyata keçirilir. Layihənin dəyəri 900 min avrodur. Layihəyə əsasən qanunvericiliyin təkmilləşdirilməsi, onun müasir beynəlxalq standartlara, xüsusi olaraq Aİ Gömrük Məcəlləsinə uyğunlaşdırılması, informasiya texnologiyalarının inkişaf strategiyasının yaxşılaşdırılması və həyata keçirilməsi nəzərdə tutulub.
Səfər zamanı İsveç Gömrük Xidmətinin rəhbəri tərəfindən nümayəndə heyətinin qəbul edilməsi, müvafiq dövlət qurumları təmsilçilərinin öz İsveç həmkarları ilə görüşləri də planlaşdırılıb.