Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi Azərbaycan prezidentinin 23 avqust 2006-cı il tarixli sərəncamına müvafiq olaraq səhiyyə, təhsil, mədəniyyət və idman sahəsində özəlləşdirməyə açıq elan edilmiş müəssisələrdə inventarlaşdırma işlərini praktiki olaraq başa çatdırıb və onların dislokasiyasını müəyyən edib.
Trend in Dövlət Komitəsinin məlumatına istinadən xəbər verdiyi kimi, bu obyektlərin və müəssisələrin özəlləşdirilməsi prosesində şəffaflığı təmin etmək məqsədi ilə Dövlət Komitəsində həmin qurumların rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib, özəlləşdirmə komissiyalarının yaradılması üzrə işlər görülüb və müəssisələrin səmərəli istifadə olunması və əmlaklarının saxlanılmasına dair tədbirlər həyata keçirilib.
Müəssisə rəhbərlərlərinə özəlləşdirmə prosesində əmək kollektivinin iştirakının təmin olunması, onların hüquqları və maraqlarının müdafiəsi, iş yerlərinin saxlanılması və özəlləşdirmə prosesində fasiləsiz iş rejiminin təmin olunması ilə bağlı tövsiyələr verilib.
Artıq müəssisələrdə özəlləşdirmə komissiyaları yaradılıb və sənədləşdirmə işlərinə başlanılıb. Ekspertizadan sonra Dövlət Komitəsi tərəfindən həmin müəssisələrin özəlləşdirilməsi forması və üsulları ilə bağlı qərar qəbul olunacaq. Müəssisələrin özəlləşdirilməsi prosesini sürətləndirmək məqsədi ilə onlara tələb olunan sənədlərin siyahısı göndərilib.
Prezidentin sərəncamına müvafiq olaraq sosial sahədə özəlləşdirməyə 401 obyekt və müəssisə açıq elan olunub. Bu obyektlərin özəlləşdirilməsi zamanı əsas amillər profilin saxlanılması və əmək kollektivinin hüquqlarının qorunmasıdır. Hal-hazırda Dövlət Komitəsində təhsil və səhiyyə sahələrindəki müəssisələrin profilinin saxlanılmasını təmin etmək üçün hər bir kokret hal üzrə nəzarətin təşkil olunması və bunun məhdudiyyət müddətinin təyin olunmasına dair işlər görülür.
Prezidentin sərəncamına müvafiq olaraq səhiyyə sahəsində 43 obyekt, təhsil sahəsində 246 obyekt, Gənclər və İdman Nazirliyi yanında 4 obyekt və Mədəniyyət və Turizm Nazirliyi yanında 108 obyekt özəlləşdirməyə açıq elan olunub.