"Azərdəmiryolbank" ASC-nin aktivləri 2006-cı ilin yanvar-sentyabr aylarında 19 mln. manatdan (AZN) çox və ya 38,2% artıb, o cümlədən üçüncü rübdə 9,8 mln. manat artaraq, oktyabrın 1-də 68,8 mln. manat təşkil edib. Bankın kredit portfeli 9 ay ərzində 15,4 mln. manat və ya 54,3% artıb və 43,9 mln. manat təşkil edib. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.
Ümumi alınmalar hesabat dövrü ərzində 18,6 mln. manat və ya 49,8% artaraq, 55,9 mln. manata çatıb. Bunlardan müştəri depozitləri 14,4 mln. manat və ya 101,6% - 28,6 mln. manata qədər, o cümlədən fiziki şəxslərin depozitləri 21,8 mln. manat artıb.
Bankın maliyyə institutları qarşısında öhdəliklərinin həcmi oktyabrın 1-də 23 mln. manatı, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankının kreditləri üzrə -5,1 mln. manatı, Almaniya -Azərbaycan Fondunun kreditləri üzrə - 1,1 mln. manatı, Qara dəniz Ticarət və İnkişaf Bankının kreditləri üzrə - 1,8 mln. manatı, yerli bankların resursları üzrə - 6,6 mln. manatı, Milli sahibkarlığa yardım fondunun resursları üzrə - 8,3 mln. manatı ötüb. "Azərdəmiryolbank"ın balans kapitalı 12,9 mln. manata çatıb.
9 ay ərzində bankın fəaliyyətinin yekunları üzrə onun gəliri 9,7 mln. manat, xərcləri isə - 8,1 mln. manat təşkil edib, bu isə müvafiq olaraq 2005-ci ilin yanvar-sentyabr aylarındakı analoji göstəricilərdən 38,3% və 34% çoxdur. Bankın xalis gəliri 64,5% artaraq, 1,6 mln. manat təşkil edib.