Bu gün Azərbaycan İxracat və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən "Xarici investisiyaların axını üçün sənaye zonalarının yaradılması" mövzusunda "dəyirmi masa" keçirilib. AZPROMO-nın məlumatına istinadən Trend xəbər verir ki, tədbir AZPROMO-nın dəstəklənməsi üzrə TACIS layihəsi çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə keçirilib. Diskussiyalarda sahibkarlar və avropalı ekspertlər iştirak ediblər.
"Dəyirmi masa" çərçivəsində Azərbaycanda sənaye zonalarının yaradılması imkanları, sənaye zonalarında sahibkarlığın müxtəlif formaları, səhmdarların texniki infrastrukturuna qoyulan tələblər, sənaye zonalarının yaradılmasının dəstəklənməsində AZPROMO-nın mümkün rolu və sair müzakirə olunub.
Çexiyalı ekspert Miroslav Kotek qonaqları sənaye zonalarının yaradılmasında Çexiya Respublikasının təcrübəsi ilə tanış edib. Həmçinin AZPROMO-nın hökumətin investisiya siyasətinin dəstəklənməsinə yönəlmiş tövsiyələri müzakirə olunub.
Tədbir Avropa Birliyinin TACIS proqramı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Növbəti tədbirin keçirilməsi oktyabrın 26-na planlaşdırılıb. Tədbirdə Azərbaycan investisiya qanunvericiliyinin müzakirəsi nəzərdə tutulub.