Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Çərşənbə axşamı Azərbaycanın iri metallurgiya müəssisəsi olan "Baku Steel Company" (BSC) şirkətinin vitse-prezidenti Əli Əskərinin verdiyi məlumata görə, müəssisə yenidən fəaliyyətini xammal çatışmazlığı səbəbindən dayandırıb. Əskərinin sözlərinə görə, zavoda metal xammalın çatdırılması günü-gündən azalır və hazırda demək olar ki, yox dərəcəsindədir.
"Bu səbəbdən də biz zavodun fəaliyyətini iki həftəlik dayandırmaq qərarına gəlmişik. Lakin istisna edilmir ki, bu planlaşdırılan müddətdən də çox çəkə bilər" - deyə o bildirib.
Zavodun layihə gücünə uyğun olaraq istehsal üçün gündəlik 1,4 min ton xam metal tələb olunur.
Zavodun fəaliyyətinin dayandığı dövrdə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.
Bu dövr ərzində həmçinin zavodu xammalla təmin edə biləcək dövlət və özəl sektorun müəssisələri ilə danışıqlar və görüşlər keçiriləcək. Cari il ərzində zavod fəaliyyətini ikinci dəfədir ki, dayandırır. Birinci dayanma analoji səbəb üzündən yanvar ayında baş verib.