Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ "Unibank" kommersiya bankı nizamnamə kapitalını 2,27 dəfə artırıb. Beləliklə, bankın nizamnamə kapitalı 6,6 mln. manatdan 15 mln. manata qədər artıb, bankın məlumatında belə deyilir.
Eyni zamanda bankın kapitalı iki dəfə artaraq (20 mln. manat) 41 mln. manat təşkil edib. "Unibank"ın kapitalının artımı əlavə buraxılışlı səhmlərin satışı, həmçinin bankın səhmlərinə olan nominal və kotirovka qiymətlərinin fərqi nəticəsində ödənilən haqlar ilə əlaqdardır.
Səhmlərin satışı Bakı Fond Birjasında iyunun 21-dən iyulun 13-nə kimi həyata keçirilib. Nominal dəyəri 2 manat olan qiymətli kağızlar 4,76 manat qiymətində reallaşıb. Beləliklə, səhmlərin kotirovka qiyməti nominalın 283%-ni təşkil edib. Səhmlərin buraxılışı nəticəsində bankın tərkibi dəyişməyib və bu gün bankın tərkibi aşağıdakı kimidir:
"Unibank"ın səhmdarları: Azərbaycan Respublikası fiziki şəxs rezidentləri - 76,43%, hüquqi şəxslər - 0,08%, beynəlxalq maliyyə institutları - Avropa Yenidənqurma və İnkişaf Bankı - 15,5%, Almaniyanın investisiya şirkəti DEG- 8,33 %.
"Kapitalın artımı "Unibank"ın maliyyə imkanlarını genişləndirməyə imkan verəcək. Bu, kredit portfelinin artımına və bir borc alan şəxs üçün kreditin həcminin maksimum olaraq artmasına təsir göstərəcək. Bundan əlavə, kapitalın artımı aktivlərin artımı və xaricdən cəlb olunan kredit resurslarının həcminin genişlənməsinə əlavə bir stimul olacaq" - deyə bankın idarə heyətinin sədri Faiq Hüseynov bildirib.