...

Ukrayna Qazaxıstanın "Qazprom" üçün tranzit tarfilərini artırmasından zərər çəkə bilər

Energetika Materials 5 Fevral 2008 18:49 (UTC +04:00)
Ukrayna Qazaxıstanın "Qazprom" üçün tranzit tarfilərini artırmasından zərər çəkə bilər

Azərbaycan, Bakı, 05 fevral/ Trend , müxbir A.Bədəlova/ Rusiyanın ən iri inhisarı "Qazprom" Qazaxıstanın Mərkəzi Asiya qazının tranziti üçün tarifləri artırmasından irəli gələn zərərləri ödəmək üçün Ukraynaya satılan qazın qiymətini artıra bilər.

"KazTransQaz" SC (Qazaxıstanın "KazMunayQaz" neft-qaz şirkətinin törəmə qaz nəqli şirkəti) "Qazprom" üçün Qazaxıstan ərazisindən keçən Mərkəzi Asiya və Rusiya qazının tranzitinin tarif dərəcələrini 21,4 faiz artırıb. Əvvəllər tranzit tarifi 100 km.-də $1,1/1 min kubmetr təşkil edirdi. 2008-ci il yanvarın 1-dən qüvvədə olan yeni tarif $1,4/1 min kubmetr təşkil edir.

"Antanta Kapital"-ın analitiki Timur Xayrlulinin rəyinə görə, Qazaxıstan ərazisindən keçən Mərkəzi Asiya qazı üçün tranzit tariflərinin artırılması haqda xəbər "Qazprom" üçün neytraldır. "Qazprom artan xərcləri Mərkəzi Asiya qazının son istehlakçısı olan Ukraynanın üzərinə qoya bilər", - çərşənbə axşamı o, Trend -a bildirib.

2008 -ci ildə Ukrayna üçün qazın qiyməti 1 min kubmetrinə görə $179,5 ölçüsündə müəyyən edilib. 2007-ci ilin sonunda "Qazprom" və Ukrayna arasında danışıqların yekununda Ukrayna ərazisindən keçən qazın 100 km.-də 1 min kubmetr üçün qazın tranzit dərəcəsinin 2007-ci ildəki $1,6-dan 2008-ci ildə $1,7-dək artırılması haqqında qərar qəbul edilib.

"Bundan əlavə, tranzit tarifinin yeni səviyyəsi bazar səviyyəsindən aşağıdır. "Qazprom" Avropa ölkələrinə 100-də 1 min kubmetr qazın tranzitinə görə, $2-3 ödəyir", - Xayrulin əlavə edib.

2008-ci ildə Qazaxıstan ərazisindən Rusiya qazı tranzitinin planlaşdırılan ümumi həcmi 47 mlrd.-ı ötür. Mərkəzi Asiya qazının həcmi isə, 54 mlrd. kubmetrdən çoxdur.

Xəbər lenti

Xəbər lenti