Azərbaycan, Bakı, 05 noyabr/ Trend müxbir İ.Xəlilova/Abşeron yarımadasının ekoloji təmizlənməsi uzunmüddətli proqramının birinci fazası üzrə görülmüş işlərin icmalı üçün layihənin yeni kuratoru, Dünya Bankında ekologiya üzrə baş mütəxəssis Frank van Verden noyabrın 10 14 ə Bakıya səfər edəcək, - Bankın Bakı nümayəndəliyindən çərşənbə günü bildiriblər. O,bu vəzifədə digər regiona keçirilmiş layihənin əvvəlki rəhbəri Ani Daskuptu əvəz edib.
Nümayəndəlikdən bildiriblər ki, Bankın missiyası layihənin realizəsinin başlamasına hazırlıqla tanış olacaq. Ekoloji proqram üzrə genişmiqyaslı işlərə hələ də imzalanmayan kredit sazişi qüvvəyə mindikdən sonra başlayacaq.
DB Direktorlar Şurası layihənin maliyyələşdirilməsi üçün $163,5 mln. həcmində krediti təsdiqləyib. Layihənin ümumi dəyəri $364,5 mln.-a bərabərdir.
DB -nin krediti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri əsasında, dörd il güzəştli dövr olmaqla, 17 il müddətində illik libor+0,05 faiz dərəcə ilə veriləcək.
Layihə üç müstəqil komponentə ayrılıb və müxtəlif dövlət orqanları - Dövlət Neft Şirkəti, Fövqəladə Hallar, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər Nazirliklərini əhatə edir. Ekoloji normaların, standartların, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsini nəzərdə tutan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin komponenti isə, proqramın birinci fazasından çıxarılacaq ikinci fazasına daxil edilib. İkinci fazanın 2009 - cu il maliyyə ilində təsdiqlənəcəyi gözlənilir.
Birinci komponent üzrə ARDNŞ üçün "möhkəm" sərmayələr hesabına qruntun təmizlənməsi üçün avadanlığın əldə edilməsi nəzərdə tutulur. Bundan əlavə, Dövlət Neft Şirkətinin ekoloji təcrübəsinin təkmilləşdirilməsi üçün texniki yardım, o cümlədən bu sahədə strategiya və siyasətin hazırlanması və onların əməliyyat işində tətbiqi nəzərdə tulub. Bu komponet aşağıdakı şəkildə maliyyələşdiriləcək: BYİB tərəfindən (əvvəllər $61 mln.) avadanlığın alınması üçün $60 mln., ARDNŞ tərəfindən avadanlığın istismarı, amortizasiya xərcləri, işçi qüvvəsinin əmək haqqının ödənilməsi üzrə xərclər qismində $124 mln. ayrılacaq.
İkinci komponent üzrə Ramana və Suraxanıdakı keçmiş yod istehsalı zavodlarının ərazisindəki radioaktiv kömürün təmizlənməsi üçün FHN - ə yardım göstəriləcək. Sovetlər dönəmində bu müəssisələr kömür dənəciklərinin köməyi ilə neft quyularından əldə edilmiş qrunt sularının filtrasiyası yolu ilə yod istehsal edirdilər. Hazırda bu dənəciklər toplanıb və filtrlərdə radioaktiv su (onun tərkibində radon var) yaranıb. Ərazinin təhlükəsizliyini təmin etmək üçün DB onun utilizasiyası məqsədilə vəsait ayıracaq. FHN - ə yardımın ikinci istiqaməti hava limanı yaxınlığında 1 min hektar ərazinin neftlə çirklənmiş torpaq qatlarının təmizlənməsini nəzərdə tutur. Bu tədbirlərin reallaşdırılması üçün BYİB xətti ilə $75 mln. (əvvəllər $74 mln.), hökumət tərəfindən isə, $25 mln. ayrılacağı güman edilir.
Üçüncü komponent üzrə İqtisadi İnkişaf Nazirliyi xətti üzrə məişət tullantılarının idarə edilməsi sisteminin, Ekologiya Nazirliyi xətti üzrə isə, ekoloji normalar, standartlar, sertifikatlaşdırmanın təkmilləşdirməsi nəzərdə tutulub. Bank onların hazırlanması üçün $29 mln. (əvvəllər $31,5 mln.) ayırmağa hazırdır. Azərabaycanın payı $34 mln. təşkil edəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]