Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir A.Bədəlova/ OPEK 2009-cu ildə dünyanın neftə tələbatı üzrə proqnozlarını sutkada 300 min barel azaldaraq 86,7 mln.-a çatdırıb. OPEK-in gözləmələrinə görə, dünyanın tələbat artımı gələn il əvvəllər proqnozlaşdırılan sutkada 540 min barelə nisbətdə sutkada 500 min barel təşkil edəcək.
OPEK-in rəsmi saytında yerləşdirilən məruzədə bildirilir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində neftə tələbatın azalması nəticəsində, 2008-ci ildə dünyanın neftə tələbatı üzrə proqnozlar da sutkada 260 min barel azaldılaraq 290 min barel artım ilə 86,2 mln-a endirilib.
İƏİT ölkələrində 2009-cu ildə neftə tələbat 47,4 mln. barelədək azalacaq. Bu göstərici 2008-ci ildə 48 mln. barelə bərabər olub.
Keçmiş sovet ölkələrində gələn il neftə tələbat sutkada 4,2 mln. barelədək cüzi dərəcədə artacaq. Bu göstərici 2008-ci ildə sutkada 4,1 mln. barel təşkil edib.
Kartelin proqnozlarına görə, OPEK neftinə tələbat 2008-ci il illə müqayisədə sutkada 910 min barel azalacaq və 2009-cu ildə sutkada 30,9 mln. barel təşkil edəcək. 2008-ci ildə OPEK neftinə tələbat orta hesabla sutkada 31,8 mln. barel təşkil edəcək ki, bu da 2007-ci ildə qeydə alınan göstərici ilə müqayisədə 430 min barel azdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]