...

Obama ABŞ - ın neft idxalından asılılığına son qoymaq niyyətindədir

Energetika Materials 27 Yanvar 2009 16:54 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 yanvar/ Trend , müxbir A.Bədəlova/ ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Baydeninin alternativ və bərpa olunan enerji mənbələrinə sərmayə yatırılmasına yönəlmiş enerji planı ölkənin xarici neftdən asılılığına son qoyacaq, qlobal iqlim böhranını həll edəcək və milyonlarla iş yeri yaradacaq, - Ağ Evin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumatda bildirilir ki, ABŞ - ın idxal olunan neftdən asılılığı nəinki ölkənin milli təhlükəsizliyini sarsıdır, ətraf mühitə zərbə vurur, həm də iqtisadiyyata zərər gətirir və bütün Amerikada işçi ailələrinin büdcəsini sıxır.

Hərtərəfli Obama - Bayden planı yaxın 10 il ərzində 150 mlrd. dollar məbləğində strateji sərmayələrin köməyi ilə 5 milyon yeni iş yerinin yaradılmasını; neft idxalı həcminin hazırda Yaxın Şərq və Venesueladan idxal olunan həcmədək azaldılmasını nəzərdə tutur.

Enerji planının digər bəndi 2015- ci ilə ölkənin yollarında 1 milyon hibrid mühərrikli (bir qallon benzinlə 150 mil yol getməyə qadir) avtomobilin peyda olmasıdır. Plan 2012-ci ilə enerjinin 10, 2025 - ci ilə 25 faizinin bərpa olunan mənbələr hesabına təmin edilməsini, eləcə də 2050 - ci ilə parnik qazları tullantılarının 80 faiz azaldılması üzrə proqramın həyata keçirilməsini nəzərdə tutur.

Bundan başqa, Birləşmiş Ştatların neft idxalından asılılığa son qoyması yanacağa qənaət standartlarının artırılması, qabaqcıl avtomobillərin alınması üçün yeddi min dollar vergi kreditinin təqdim edilməsi, daxili neft hasilatının və təbii qaz istehsalının irəliləyişini nəzərdə tutur.

Milyonlarla yeni iş yerinin yaradılması bəndinə, alternativ enerji mənbələrinin inkişafından başqa, hər il 1 milyon evin germetizasiyası, təmiz kömür texnologiyasının inkişafı, eləcə də Alyaskada qaz kəmərlərinin çəkilməsi daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti