...

"Nabukko" qaz kəmərinə aid investisiya ilə bağlı qərar gələn il qəbul ediləcək – layihə nümayəndəsi

Energetika Materials 13 May 2009 10:57 (UTC +04:00)
"Nabukko" qaz kəmərinə aid investisiya ilə bağlı qərar gələn il qəbul ediləcək – layihə nümayəndəsi

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir A.Bədəlova /

"Nabukko" qaz kəmərinə aid investisiya ilə bağlı qəti qərar 2010-cu ilin birinci rübündə ətraflı mühəndis işləri və boru kəmərinin doldurulması ilə bağlı iştirak ərizələri qəbul edildikdən sonra verilə bilər. Bu barədə OMV Avstriya şirkətində beynəlxalq layihələr və "Nabukko" layihəsinin nümayəndəsi Kristian Dolezal deyib.

"Türkiyə ilə hökumətlərarası razılaşma imzalandıqdan sonra "Nabukko" layihəsinin reallaşdırılmasında növbəti mərhələ açıq mövsümün başlanması və ətraflı mühəndis işlərinin sona çatdırılması olacaq", -  Trend -a elektron poçtla Dolezal bildirib.

Dolezalın sözlərinə əsasən, ötən həftə Praqada keçirilən və Cənubi Qafqaza həsr olunan sammitin əsas müsbət nəticəsi Türkiyə ilə "Nabukko" üzrə hökumətlərarası müqavilələrinin imzalanmasında razılığa gəlmək oldu.

"Türkiyə hökumətlərarası razılaşmanı iyunda imzalamaq niyyətində olduğunu bildirdi. Bu çox musbət məqamdır", - Dolezal qeyd edib.

Dolezalın sözlərinə görə, Praqa sammitində potensial qaz təchizatçısı olan Xəzər regionu ölkələri "güclü siyasi iradə ilə yanaşı, həm də qaz müştərilərinin sırasını genişləndirmək istəyini nümayiş etdirdilər".  

Avropa İttifaqı da sammitin nəticələrini müsbət dəyərləndirir və hesab edir ki, imzalanmış bəyannamə "Nabukko" layihəsinin gələcəkdə həyata keçirilməsinə təkan verəcək.

"Nabukko" layihəsinin irəliləməsi baxımından sammit çox uğurlu alındı və bəyannamənin imzalanması layihə ilə bağlı tərəflər üzərinə öhdəliklər qoydu, - Trend -a elektron poçtla Avropa Komissiyasının energetika məsələləri üzrə rəsmi nümayəndəsi Ferran Espuni deyib.

Praqada keçirilən samitin nəticəsində iştirakçı ölkələr Cənub dəhlizi üzrə qaz təchizatının genişləndirilməsini dəstəkləyən bəyannamə imzalayıblar. Bəyannaməni Aİ, Azərbaycan, Gürcüstan, Türkiyə və Misir imzalayıb.

"Avropa Komissiyası Avropa İttifaqı və tərəfdaş-ölkələrlə birgə bəyannamənin icrasına nəzarət edəcək. Əsasən də iş planının inkişafı üzərində çalışacaq ki, lazımi şəraitin yaradılmasına nail olsun", - Dolezal vurğulayıb.   

Dəyəri 7,9 mlrd. avro (10,1 mlrd. dollar) olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiya qazının Avropa İttifaqı ölkələrinə nəqli nəzərdə tutulur.

Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlamaq nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq.

Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Layihənin ümumi dəyərinin təqribən 30 faizi sərmayə şəklində layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International tərəfindən yatırılacaq. Qalan 70 faiz isə kreditlər hesabına ödəniləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti