Azərbaycan, Bakı, 19 iyun / Trend /
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu yaxınlarda "Ümid" perspektivli qaz strukturunda birinci kəşfiyyat quyusunun qazılmasını planlaşdırır, cümə günü SOCAR-dan bildirilib. Strukturda kəşfiyyat quyusunun qazılmasını "Bayıl limanı" dəniz kəşfiyyat-qazıntı idarəsi həyata keçirəcək.
Strukturda 6500 metr dərinliyə malik birinci kəşfiyyat quyusunun qazıntısı Çin istehsalı olan ZJ70/4500DZ qazıntı avadanlığı ilə həyata keçirilir.
Məlumatlara görə, birinci quyunun qazılmasına 10 ay vaxt ayırılıb.
Birinci kəşfiyyat quyusunun qazılmasına iyul ayında başlamaq planlaşdırılır. "Ümid-1" strukturunun tikintisi artıq başa çatdırılıb və "Bayıl limanı" qazıntı idarəsi hazırda qazıntı üçün zəruri olan avadanlığın gətirilməsi və quraşdırılmasını həyata keçirir.
Birinci kəşfiyyat quyusunun dərinliyi 6500 metr təşkil edir. Onun 400 metri bu il qazılacaq, verilən məlumatda deyilir.
Tikintisi yarımçıq qalmış "Çıraq-6" platformasının bazasında açılan "Ümid-1" platforması proqram çərçivəsində ən böyük obyekt hesab olunur. Onun uzunluğu 72 metr təşkil edir. Platforma "Bulla-dəniz" dəniz yatağından 15 kilometr aralıda, suyun 58 metr dərinliyində yerləşir. Platformadan altı qaz quyusunun qazılması planlaşdırılır.
"Ümid" perspektivli qaz strukturunda ehtimal olunan qaz ehtiyatlarının 300 milyard kubmetr və qaz-kondensat ehtiyatlarının 30-40 milyon ton həcmində olması güman edilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]