Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir А.Bədəlova /
IHS CERA (Cambridge Energy Research Associates) ABŞ konsaltinq assosiasiyasının rəhbəri Daniel Ergin hesab edir ki, neft qiymətləri bundan sonra da dəyişkən dinamika nümayiş etdirəcək.
"Neft bazarının yeganə dəyişməz xüsusiyyəti onun dəyişkənliyidir, - Ergin neftin gələcəyi və onun hazırkı xüsusiyyətlərinə həsr olunmuş kitabında yazır. - İqtisadi, siyasi, texnoloji və digər faktorlardan asılı olan tələb-təklif balansının dəyişkənliyi dəyişkən qiymət dinamikasına təsir göstərməkdə davam edəcək".
11 iyul 2008-ci ildə WTI markalı yüngül ABŞ neftinin qiyməti bir barelə görə 147,27 dollar səviyyəsinə çatdı. Bir il sonra onun qiyməti 59,87 dollar idi.
"Belə dəyişmə yalnız fırıldaqçılara təsir etmir. Bu, neft, qaz, bərpa oluna bilən və alternativ enerji mənbələri olmasından asılı olmayaraq, enerji sektoruna gələcək sərmayələrin planlaşdırılmasını da çətinləşdirir, - müəllif hesab edir. - Bu həm də dünya iqtisadiyyatına dəhşətli təsir göstərə bilər".
Erginin sözlərinə görə, dəyişkənliyin dünya iqtisadiyyatına böyük təsiri Böyük Britaniyanın Baş naziri Qordon Braun və Fransa Prezidenti Nikola Sarkozini "dağıdıcı dəyişkənliy"in qlobal həlli axtarışına çıxmaq çağırışına məcbur edib. Ancaq eyni zamanda, onlar "asan qərarlar olmur" deməyə də məcbur oldular.
Müəllifin sözlərinə görə, dəyişkənlik yeni neft erasının bir hissəsidir.
"Yeni eranın xüsusiyyətlərindən biri odur ki, bu gün neft eyni zamanda həm fiziki məhsul, həm də maliyyə aktivi qismində çıxış edir, - Ergin hesab edir. - Yeni neft erasının digər xüsusiyyətləri bu məhsula qlobal tələbat, böyük dəyişkənlik, həmçinin neftdən istifadə ilə bağlı qərara təsir etməyin siyasi faktoru olan iqlim dəyişkənliyidir".
"Bu həyati əhəmiyyətli məhsulun gələcəyi bu gün böyük təhlükə altındadır, baxmayaraq ki, dünya gələcəkdə ona əvvəlkindən daha çox ehtiyac duyacaq", - Ergin hesab edir.
Həm ABŞ-ın enerji nazirliyi, həm də Beynəlxalq Enerji Agentliyi proqnozlaşdırır ki, enerji daşıyıcıları istehlakı 2006-2030-cu illər arasında təxminən 50 faiz artacaq. Dünya tələbatının 30 faizini məhz neft təmin edəcək.
2000-2007-ci illər arasında neftə olan tələbat sutkada 9,4 milyon barel artıb. Bu artımın təxminən 85 faizi inkişaf etməkdə olan bazarların payına düşüb.
"Ötən il qiymətlərin rekord səviyyəyə çatmasına bir çox faktorlar - zəif dollar və fırıldaqlar "yardımçı" olub, - Ergin yazır. - Ancaq ilkin səbəb inkişaf etməkdə olan bazarlarda güclü iqtisadi inkişafla əlaqəli tələbat artımı olub. İqtisadiyyatın bərpasından sonra bu ölkələrdə neftə olan tələbat kritik səviyyəyə çatacaq".
"İqtisadi durumun bərpası, onun gözlənilməsi, neftin "maliyyə aktivi"nə çevrilməsi - bütün bu faktorların cəmi, hətta bu gün bazarda olan məhsul artıqlığına rəğmən, qiymətləri yuxarı qaldıra bilər", - Ergin hesab edir.
Onun fikrincə, bazarların elastikliyi və likvidliyi olmadan, bu gün tələb-təklif səviyyəsini balanslaşdırmaq üçün səmərəli yol, həmçinin istehlakçı və istehsalçıların risklərdən müdafiəolunma imkanı da yoxdur.
Ergin hesab edir ki, bu məsələnin həllinin bir hissəsi yalnız neft ticarətinin aparıldığı maliyyə bazarlarının idarəetməsinin təkmilləşdirilməsi deyil, həm də şəffaflığın artırılması və sürətlə artan maliyyə-neft bazarlarında oyunçuların mahiyyətini anlamaqdır.
Morgan Stanley, Goldman Sachs, Merrill Lynch, JPMorgan kimi banklar və ABŞ-ın Dövlət Enerji İnformasiyası İdarəsinin (EIA) 2010-cu ilə olan neft qiyməti proqnozları 2009-cu ilə olan proqnozlardan təxminən 23 faiz fərqlənir. 2010 və 2011-ci illərə olan proqnozlar arasında fərq 20 faizə çatır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]