Türkmənistan, Aşqabad, 05 yanvar / Trend , müxbir H.Həsənov/
Çərşənbə axşamı İran Prezidenti Mahmud Əhmədinejadın qonşu Türkmənistana ikigünlük səfəri başlanıb.
Günün birinci yarısında onun Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşü planlaşdırılıb. İkitərəfli və regional əməkdaşlıq çərçivəsində qarşılıqlı maraqları əks etdirən əsas məsələlərə dair fikir mübadiləsi aparılacaq.
Türkmənistan hökumətinin mətbuat xidmətinin qeyd etdiyi kimi, rəhbərlər görüşün sonunda "əməkdaşlığın genişləndirilməsi"nə dair müqavilə imzalayacaqlar.
"Altın Asır" milli telekanalının vurğuladığı kimi, "iki ölkə liderlərinin növbəti görüşü Türkmənistan-İran münasibətlərinin vacibliyinə daha bir sübutdur".
"Rəhbərlərin görüşü yalnız ənənəvi qarşılıqlı münasibətlərin dərinləşməsinə dair növbəti bir addım kimi deyil, eləcə də hər iki ölkənin dövlət prioritetləri də hesaba alınmaqla, əməkdaşlığın daha effektiv formalarının müəyyən olunmasına konstruktiv yanaşmanın formalaşdırılması prosesidir", - "Tükmən Dövlət Xəbərləri" qeyd edir.
Son illər ərzində iki tərəf doqquz mühüm birgə layihəni uğurla reallaşdırıb. Onların sırasına dəmiryol infrastrukturunun əlaqələndirilməsi, avtomobil yolları, elektrikötürücü xətlər və qaz nəqliyyatı sistemləri daxildir.
Səfər proqramında iki dövlət başçısının yanvarın 6-da istismara veriləcək Dövlətabad-Sərəxs-Xangiran dövlətlərarası qaz kəmərinin təntənəli açılışında iştirakı nəzərdə tutulub.
Son dövlət müşavirəsində Berdiməhəmmədov qeyd edib ki, bu qaz kəməri türkmən yanacağının tədarük həcminin gələcəkdə artırılmasını nəzərdə tutan strategiyanın uğurla həyata keçirilməsinin növbəti mühüm mərhələsidir.