...

Azərbaycanın perspektivli qaz strukturunda kəşfiyyat quyusunun qazılması ilin sonuna keçirilib

Energetika Materials 1 Sentyabr 2010 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorunda yerləşən perspektivli "Abşeron" strukturunda kəşfiyyat quyusunun qazılması qazma qurğusunun istifadə edilməsi səbəbindən ilin sonunda başlayacaq. Bu barədə çərşənbə günü bu qaz kondensatı layihəsinin operatoru olan "TOTAL" şirkətindən bildiriblər. Bundan əvvəl quyunun qazılmasına sentyabrda başlanacağı nəzərdə tutulmuşdu.

Heydər Əliyev adına qurğu (operator "Maersk Drilling") bu həftə "Balıqqulağı-dəniz" strukturunda kəşfiyyat quyusunun qazılması üçün Xəzərin Qazaxıstan sektoruna yola düşəcək. Qazma işləri 90 gün ərzində aparılacaq. Beləliklə, "TOTAL" şirkəti "Abşeron"da quyunun qazılmasına cari ilin noyabr-dekabr aylarında başlaya biləcək.

"Biz quyunun qazılmasına və müvafiq əməliyyatlara tam hazırıq", - "TOTAL"dan deyiblər.

Quyunun layihə dərinliyi 7 200 metrə yaxındır.

ARDNŞ geoloqlarının qiymətləndirmələrinə görə, "Abşeron" strukturunun ehtiyatları 300 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edə bilər. "Abşeron" bloku Bakıdan 100 km aralıda, suyun 500 metr dərinliyində yerləşir.

"Abşeron" layihəsinin iştirakçıları: ARDNŞ - 40%, Fransanın "TOTAL" şirkəti - 40% , "Gaz De France Suez" - 20%.

"Abşeron" strukturu üzrə müqavilə 2009-cu il fevralın 27-də ARDNŞ və "TOTAL" şirkəti arasında imzalanıb. "TOTAL" daha sonra müqavilədəki iştirak payının 20%-ni "Gaz De France Suez" şirkətinə verib.

Xəbər lenti

Xəbər lenti