...

Azərbaycanda neft hasilatının hazırkı həcmi iqtisadiyyatın stabil inkişafı üçün kifayət edir - Energetika Nazirliyi

Energetika Materials 19 Aprel 2011 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda neft hasilatının stabil həcmi iqtisadi inkişafın templərini indiki səviyyədə saxlamağa imkan verir. Bu barədə çərşənbə axşamı Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov deyib.

"Hazırda Azərbaycanda ildə 51 milyon tona yaxın neft istehsal olunur. Bu göstərici artırıla bilər, lakin hesab edirəm ki, iqtisadiyyatın indiki templərini saxlamaq üçün bu, sabit hasilat həcminə malik olmağa kifayət edir", - Abbasov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan enerji resurslarının nəqli üçün tranzit ölkədir.

"Lazım olsa, Azərbaycanda neft hasilatının, eləcə də tranzit həcmlərinin artması nəticəsində Qara dəniz istiqamətində əlavə boru kəmərinin tikintisi layihəsinə baxıla bilər", - Abbasov vurğulayıb.

Bundan əvvəl ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin dediyinə görə, Azərbaycanda ildə 50-55 milyon ton həcmdə neft hasilatı Azərbaycanın "Azəri-Çıraq-Günəşli" blokunun işlənməsinin səmərəliliyi baxımından məqsədəuyğundur.

"Azərbaycanda neft hasilatı ildə 60-70 milyon tona qədər artırıla bilər, lakin bu, respublikada hasilatın səviyyəsinin stabil saxlanması baxımından məqsədəuyğun deyil", - Yusifzadə bildirib.

Azərbaycanda neft hasilatının ildə 50-55 milyon ton səviyyəsində saxlanması neftin respublikada istifadəsi, eləcə də "Azəri-Çıraq-Günəşli"nin işlənməsinin səmərəliliyi və pul vəsaitlərinin xərci baxımından optimaldır.

Yataqlar blokunun ehtiyatı 925 milyon ton neft və 280 milyard kubmetr qaz həcmində qiymətləndirilir.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: BP (operator - 37,43%), "Chevron" (11,27%), AzAÇG (10%), "Inpex" (10,96%), "Statoil" (8,56%), "Exxon" (8%), TPAO (6,75%), "Itochu" (4,3%), "Hess" (2,72%).

Xəbər lenti

Xəbər lenti