...

Azərbaycandan Avropaya qaz tədarükü "Şahdəniz" yatağından hasilatın həcmi ilə məhdudlaşmır - Rolan Kobia

Energetika Materials 19 Aprel 2011 14:25 (UTC +04:00)
Azərbaycan "Cənub qaz dəhilizi" layihəsində aparıcı hissədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı V Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı çərçivəsində Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia deyib.
Azərbaycandan Avropaya qaz tədarükü "Şahdəniz" yatağından hasilatın həcmi ilə məhdudlaşmır - Rolan Kobia

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Bədəlova/

Azərbaycan "Cənub qaz dəhilizi" layihəsində aparıcı hissədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı V Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı çərçivəsində Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia deyib.

Onun sözlərinə görə, Azərbaycan qazı təkcə "Şahdəniz" yatağının ikinci mərhələsində hasil edilən həcmlə məhdudlaşmır. Ölkədə başqa yataqlar da var ki, orada xeyli qaz həcmini hasil etmək olar və bunun yalnız zamana ehtiyacı var.

"Biz Azərbaycandan böyük həcmdə qaz gözləyə bilərik", - o bildirib.

Kobianın sözlərinə görə, ümumilikdə Xəzər regionunda qaz hasilatının xeyli artım potensialı var.

Aİ-nin qaza olan ehtiyacı ildən-ilə artır. Kobianın sözlərinə görə, Avropanın neft-qaz hasil edən ölkələrində hasilatın ən yüksək həddi arxada qalıb və hazırda onun azalması müşahidə edilir.

"Vaxt ötdükcə Avropanın idxaldan asılılığı xeyli artacaq", - o bildirib.

Onun sözlərinə görə, hazırda Aİ-yə əsas qaz tədarükçüsü Rusiya, Norveç və Şimali Afrika ölkələridir.

Kobianın sözlərinə görə, Rusiya enerji tədarükü sahəsində Aİ-nin starteji tərəfdaşıdır.

"Rusiya Avropaya daha əhəmiyyətli tədarükçüdür və biz ümid edirik ki, gələcəkdə də belə olacaq", - Kobia vurğulayıb.

Onun sözlərinə görə, Avropaya böyük həcmdə qaz lazımdır.

"Biz hesab edirik ki, son nəticədə Avropaya qaz nəqlinin bütün marşrutlarına tələbat olacaq", - Kobia qeyd edib.

Onun sözlərinə görə, Avropaya yanacağın dənizlə daşınması imkanı da var, lakin Aİ üçün strateji olan qazın Türkiyə ərazisi ilə nəqlidir.

Kobia bununla əlaqədar Azərbaycan və Türkiyə arasında tranzit sazişinin imzalanmasını əhəmiyyətli hesab edib. O, tərəfləri danışıqların tempini itirməməyə çağırıb.

Enerji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Konfrans "Confidence Energy" şirkəti tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə təşkil olunub.

Trend BİA bu konfransın media dəstəyini həyata keçirir.

Xəbər lenti

Xəbər lenti